Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” adlı sərginin açılış mərasimi baş tutub.
Bizim.Media xəbər verir ki, sərgi1944-cü ildə Ahıska türklərinin məruz qaldığı sürgünün izlərini göz önünə sərmək və yaşananları gələcək nəsillərə ötürmək məqsədilə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Dünya Ahıskalı Türklər Birliyinin (DATÜB) əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.
Tədbirdə Ahıska türklərinin yaşadığı sürgünü sadəcə tarixin bir səhifəsi kimi deyil, insanın torpağı, kimliyi, mədəniyyəti və xatirələri ilə qurduğu bağın nəsillər boyu necə yaşadıldığının hekayəsi olaraq işıqlandırılır.
Belə ki, bir xalqın öz yurdundan qoparılmasının ardından dünyanın fərqli coğrafiyalarına səpələnən həyatları, parçalanan ailələr, yaşadıqları xatirələr və heç sönməyən qayıdış ümidi bu sərginin mərkəzində yer alır.
Bir səhər qəflətən ata-baba torpaqlarından sürgün edilən Ahıska türkləri fərqli coğrafiyalara dağılaraq uzun və çətin həyat mübarizəsi aparıblar.
Aradan keçən onilliklərə baxmayaraq, ana vətənə qayıdış məsələsi Ahıska türklərinin ortaq yaddaşında və kimlik şüurunda öz aktuallığını qorumaqdadır.
Qeyd edək ki, “İtmiş Sürgünün İzində” sərgisi bu gündən etibarən avqustun 28-nə kimi Azərbaycan Milli Tarix Muzeyində davam edəcək.
Onun İstanbuldan Bakıya Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə qatarla daşınması sərginin səyahətinə xüsusi bir rəmzi məna qazandırır. Bir zamanlar sürgünün ayırdığı yolları, bu gün qardaşlıq və ortaq yaddaş yenidən bir-birinə bağlayır.
Həmçinin sərgi sürgünün ildönümü olan 14 noyabr 2026-cı il tarixində isə Tarixi Ankara Vağzalında öz ziyarətçiləri ilə görüşəcək. Beləliklə, onun səyahəti bir zamanlar Ahıska türklərini doğma yurdlarından qoparan sürgün yollarının əksinə olaraq, yaddaşı yenidən bərpa edən, qardaşlığı gücləndirən və bir xalqın hekayəsini gələcək nəsillərə çatdıran bir səfərə çevriləcək.











Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media
































































































