Xarkovda azərbaycanlı tələbə qız həyatını itirdi - FOTO

Hazırda oxunan: Xarkovda azərbaycanlı tələbə qız həyatını itirdi - FOTO

622327

Ukraynanın Xarkov şəhərində dəmir yolu vağzalının yaxınlığındakı küçəyə endirilən bomba zərbəsi nəticəsində həlak olan 23 yaşlı gənc qızın kimliyi məlum olub. Rusiya ordusunun Xarkovun Xolodnohirsk rayonuna etdiyi hücum zamanı faciəvi şəkildə dünyasını dəyişən şəxs Xarkov Milli Tibb Universitetinin tələbəsi Fatimə Hüseynova olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Xarkov Milli Tibb Universiteti "Facebook" səhifəsində paylaşıb.

"Böyük kədər hissi ilə bildiririk ki, Rusiyanın endirdiyi zərbə nəticəsində tibb fakültəsinin 6-cı kurs tələbəsi, əslən azərbaycanlı olan Hüseynova Fatimə İlyas qızı faciəvi şəkildə həlak olub", — deyə universitetin rəsmi bəyanatında qeyd edilib.

Cəmi 23 yaşı olan Fatimə gələcəkdə həkim olmağa hazırlaşırdı. Ali təhsil ocağının kollektivi onu böyük ehtiramla yad edib:

"O, biliklərə yiyələnir, həyatını tibbə həsr etməyi və insan həyatını xilas etməyi xəyal edirdi. Parlaq, xeyirxah, səmimi, məsuliyyətli bir insan kimi müəllimlərinin, tələbə yoldaşlarının, dostlarının və onu tanıyan hər kəsin yaddaşında əbədi qalacaq. Rusiyanın növbəti zərbəsi daha bir günahsız gəncin həyatına son qoydu; onu gələcəyindən, peşəsindən, arzularından və planlarından məhrum etdi. Universitet rəhbərliyi, müəllim və tələbə heyəti Fatimənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

Xatırladaq ki, iyunun 29-da Rusiya hərbi qüvvələri Xarkovun Xolodnohirsk rayonuna idarəolunan aviasiya bombası (KAB) atıb.

Partlayış nəticəsində Fatimə Hüseynova hadisə yerindəcə həlak olub, daha 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan birinin — gənc bir qadının bədəninin 90%-nin yandığı və vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin