Bazardüzü zirvəsi istiqamətində alpinist Altay Cəfərovun sıldırımdan yıxılaraq xəsarət alması ilə bağlı Azərbaycan Alpinizm Federasiyası məsələyə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, federasiyanın baş katibi Sənan Rəsulov “oxu.az”a açıqlamasında bildirib ki, sözügedən yürüş federasiya tərəfindən təşkil edilməyib:
"Yürüş bir qrup həvəskar tərəfindən şəxsi təşəbbüslə həyata keçirilib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib".
S.Rəsulov qeyd edib ki, hadisə anından etibarən federasiya rəhbərliyi yürüş iştirakçıları ilə daim əlaqə saxlayıb və prosesləri yaxından izləyib:
"Hadisənin baş verdiyi ərazidə yürüşü həyata keçirən qrupun digər üzvləri də olub. Zərərçəkən şəxsin yanında qrup üzvlərinin olması ilkin tibbi yardımın göstərilməsi və təxliyə ilə bağlı tədbirlərin operativ şəkildə həyata keçirilməsinə imkan verib".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu ərazisində Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində bir nəfər alpinistin sıldırımdan yıxılaraq xəsarətlərlə köməksiz və təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2000-ci il təvəllüdlü Altay Aqşin oğlu Cəfərov Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində dəniz səviyyəsindən təxminən 3 500-3 800 metr yüksəklikdə sıldırımdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Bizim.Media



































































































