Kənd müəllimindən Mikayıl Cabbarova müraciət: "Direktor olmaq istəyirəm"

Hazırda oxunan: Kənd müəllimindən Mikayıl Cabbarova müraciət: "Direktor olmaq istəyirəm"

104745
Tovuz rayonu Qaraxanlı kənd sakini, həmin rayonun Qədirli kənd, C.Sadıqov adına tam orta məktəbin tarix müəllimi Nəsirli Nüsrət Fəttah oğlu Təhsil naziri Mikayıl Cabbarova müraciət edib.

Bir surəti Moderator.az-a göndərilən müraciəti təqdim edirik: 

"Salam hörmətli Mikayıl müəllim. Ən əvvəl Sizə tərcümeyi-halım haqqında məlumat vermək istərdim.
Mən, Nəsirli Nüsrət Fəttah oğlu 11 fevral 1961-ci ildə Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşam.
1968-ci ildə Tovuz rayonu Xatınlı kənd orta məktəbin I sinfinə daxil olub, 1978-ci ildə həmin məktəbin X sinfini bitirmişəm. 1980-ci ilin noyabr ayınadək kəndimizdə sovxozda fəhlə işləmişəm. 1980-82-ci illərdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində Moskva şəhərində xidmət etmişəm. 1982-ci ildə hərbi xidmətimi başa vurub, yenidən kəndimizə qayıdıb fəhlə işləmişəm.

1983-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitunun ( indiki Gəncə Dövlət Universititi) tarix fakultəsinə qəbul olunmuşam və 1988-ci ildə həmin institutun tarix fakultəsini tarix-ictimaiyyət müəllimi ixtisası üzrə bitirmişəm.

1990-1994-cü illərdə Vətənimizin başı üzərini qara buludlar alanda könüllü olaraq cəbhəyə getmişəm. Tərtər, Ağdərə, Ağdam istiqamətlərində gedən ağır döyüşlərdə iştirak etmişəm və 1994-cü ilin may ayının 8-də Ağdərə yaxınlığında gedən döyüşlərdə yaralanmışam və 6 ay ağır yaralı olaraq yatmışam.

Hal-hazırda Tovuz rayonu C.Sadıqov adına tam orta məktəbdə tarix müəllimi olaraq çalışıram.

Evliyəm. Həyat yoldaşım da müəllimdir.Tovuz rayonu F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi olaraq çalışır.

3 övladımız var. Övladlarımdan ikisi orta məktəbi bitirməklə hal-hazırda Bakı şəhərində təhsilllərini davam etdirirlər. Bir nəfər övladım isə hal-hazırda 11-ci sinif şagirdidir.

Hörmətli Mikayıl müəllim. Mən müəllim işləməklə hal-hazırda ölkəmizdə aparılan təhsil islahatını tam dəstəkləyirəm.

Öz işimdə Təhsil haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə " Dövlət Strategiyası"ndan irəli gələn qanun və prinsipləri rəhbər tutmaqla istifadə edirəm.
Eyni zamanda artıq XXI əsrdir. Bütün sahələrdə,o cümlədən təhsildə də  innovativ yeniliklər tətbiq olunur. İndi elə bir dövrdür ki, yeniliklərsiz, yeni informasiyalarız, yeni texnologiyalarsız təhsilin inkişafı çətin olardı. Mən də bir müəllim olaraq bu inkişafdan geri qalmamağa çalışıram. Həmçinin yeni texnologiyaların tətbiqi, cəmiyyətin, dövlətmizin və təhsilimizin artan tələblərini təmin etmək biz müəllimlərin üzərinə düşür. Yeniləşmiş cəmiyyətə, yeni formalaşmış insanlar lazımdır. Bunun üçün müasir məktəb, müasir idarəetmə labüddür. Amma təəssüf ediləsi haldır ki, yerlərdə bu yeniliklər lazımınca tətbiq olunmur. Bunun da obyektiv və subyektiv səbəbləri vardır.
Ona görə də Sizə, bir yenilik tərəfdarı olan müəllim olaraq müraciət edirəm. Mənə imkan yaradın, mən öz işimdə bu məsələləri tətbiq edim.

Hal-hazırda bizim Tovuz rayonunda F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbin direktoru vəzifəsi vakantdır. Məktəbin direktoru bu yaxınlarda vəfat etmişdir.(Allah rəhmət eləsin !). Mən istəyirəm ki, 1 (bir) il sınaq müddətinə məni həmin məktəbə direktor təyin edəsiniz. Əgər, 1 (bir) il müddətinə mən həmin məktəbi rüşvətsiz, korrupsiyasız, müasir,dövrün tələbinə uyğun məktəbə çevirməsəm, 1 (bir) ildən sonra özüm istefa verməyə hazıram. Həmin məktəbə aid planlarım tam hazırdır. Mən elə edəcəyəm ki, həmin məktəbin bir nəfər şagirdi repititor yanına getmədən, ali məktəblərə qəbul faizi ən azı 80 % olsun. Eyni zamanda həmin məktəb respublikamızın ən qabaqcıl məktəblərindən biri olsun.
Müasir dövrdə Azərbaycan cəmiyyətində müəllim nüfuzu bizim istəyimizdən asılı olmayan (bəzən də olan) səbəblərdən aşağı düşmüşdür. Sübut etmək istəyirəm ki, müəllim necə olmalıdır və olacaq. Sübut etmək istəyirəm ki, Azərbaycan məktəbində korrupsiyasız və rüşvətsiz işləmək mümkündür. Və Azərbaycan təhsili haqqında cəmiyyətdə formalaşmış neqativ fikirlərin əsası yoxdur.
Bunun üçün yalnız mənə səlahiyyət lazımdır. Direktor vəzifəsi mənim üçün məqsəd deyil,vasitədir. Xahiş edirəm mənə bu səlahiyyəti verəsiniz.

Onu da nəzərinizə çatdırım ki, hal-hazırda həmin məktəbdə İKT-nin vəziyyəti sıfır halındadır. Müəllimlərin əksəriyyəti adicə komputerdən istifadə etməyi bacarmırlar və onlara bu şərait də yaradılmayıb. Məktəbdə interaktiv llövhə, internet, elektron vəsaitlər yox dərəcəsindədir.

Mən söz verirəm ki, qısa müddət ərzində bütün bu məsələləri həll edəcək, məktəbi yüksək texnologiyalar məktəbinə çevirəcəyəm.

Bütün bunlar üçün  sadəcə,Sizin tərəfinizdən mənə səlahiyyət verməniz lazımdır. Çünki, Siz Təhsil Naziri olaraq bu səlahiyyəti versəniz, idarəetmədə problemlərin ən azından 50%-i həll edilmiş olacaq və mən müstəqil olaraq fəaliyyət göstərə bilərəm. Əks halda,yerli icra orqanları məktəb rəhbərliyinə təhsilə, məktəbə aid olmayan göstərişlər verirlər. Müəllimləri, texniki heyəti, bəzən də şagirdləri təhsilə, məktəbə aid olmayan işlərə cəlb edirlər. Bu da təhsildə fasiləsizliyi pozur, nizam-intizam zəifləyir. Yenə nəzərinizə çatdırıram ki, məktəb direktoru olmaq mənim üçün məqsəd deyil, vasitədir.

"Hörmətlə, Nəsirli Nüsrət Fəttah oğlu".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin