Qusarda keçirilən kəndlərarası voleybol çempionatı gərgin idman mübarizəsi və coşqun azarkeş kütləsi ilə yadda qalıb.
Bizim.Media xəbər verir ki, kənd komandalarının qarşılaşmalarında əsl Çempionlar Liqası ab-havası hökm sürüb. Hər oyunu stadiondan təxminən 2 mindən çox azarkeş canlı izləyib.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan turnir Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar rayonu üzrə Gənclər və İdman sektoru və İmamqulukənd bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
İmamqulukənd kənd voleybol meydançasında təşkil olunan turnirin bürünc medal uğrunda qarşılaşmasında “SDK Samur” və “Köhnə Xudat” komandaları üz-üzə gəlib. Daha yaxşı oyun nümayiş etdirən “Köhnə Xudat” kollektivi turniri üçüncü yerdə başa vurub.
Finalda “Mucuqoba” komandasını ardıcıl üç setdə məğlub edən “İmamqulukənd” voleybolçuları isə turnirin qızıl medalını qazanıb. Qalib komandalara diplom və medallar, çempiona isə yarışın kuboku təqdim olunub.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

































































































