Prezidentliyə namizədlərin kimliyi bəlli oldu və 10 nəfərin marafonda yarışacağı bu ilki seçkilər yeni iddialıların öz gücünü sınamasıyla da tarixə düşəcək. Bunlardan biri də klassik müxalifəti tənqid, bəzənsə təhqir etməkdə hakimiyyət yetkililərindən geri qalmayan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadədir. Maraqlıdır, görəsən Araz Əlizadə dəstək üçün keçmiş partiyadaşı və dostu, eks-prezident Ayaz Mütəllibova müraciət edəcəkmi? Yaxud prezidentliyə namizəd belə bir istəkdə bulunsa və seçicilərlə görüşə onunla birgə qatılmağı təklif etsə, eks-prezidentin cavabı necə olardı?
Moderator.az bu suala cavab almaq üçün Ayaz Mütəllibova müraciət edib. Eks- prezident bildirib ki, yalnız seçkilər başa çatanadan sonra Azərbaycan KİV-lərinə bu və ya digər mövzular ətrafında açıqlamalar vermək qərarına gəlib.
Biz Ayaz müəllimin qərarına hörmətlə yanaşırıq və ümid edirik ki, ölkənin ilk prezidenti bundan sonra mətbuatla əməkdaşlığa daha çox vaxt ayıracaq və junalistlərin təbii ki, ciddi suallarını həvəslə cavablandıracaq.































































































