DİN ağır cinayətə şərait yaradan zabitini cəzalandıracaqmı?

Hazırda oxunan: DİN ağır cinayətə şərait yaradan zabitini cəzalandıracaqmı?

44651

Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1.2.8-ci və 144.2.1-ci maddələri ilə filippinli qadına qarşı ağırlaşdırıcı halda insan alveri və məcburi əmək cinayətləri törətməkdə təqsirləndirilən Aynur Lətif qızı Mehdiyevanın mühakiməsi davam edir. 

Aynur Mehdiyeva barəsində 24 yanvar 2014-cü ildə elan olunmuş ittiham aktında deyilir:  "Aynur Mehdiyeva həmin vaxt Dubayda yaşayan Filippin vətəndaşı Llanto Fe Diazla internet vasitəsilə danışaraq sonuncunun maddi imkansızlığını bilib, zəiflik vəziyyətindən sui-istifadə edərək işinin yalnız dayəlik olacağını bildirməklə aldadıb dövlət sərhəddindən keçirməklə istismar edilməsi məqsədilə cəlb etmişdir. Llanto Fe Diaz Bakıya gəldikdən sonra A.Mehdiyeva onun pasportunu əlindən alaraq sərbəst yerdəyişmə imkanından məhrum etmiş, eləcə də psixi təsir göstərib daim qorxu altında saxlayıb azadlığını məhdudlaşdıraraq mənzilində saxlamışdır. 2012-ci ilin sentyabr ayından etibarən maddi cəhədən özündən asılı vəziyyətdə olan qadına qarşı hədə-qorxu, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, işgəncə vermək, qəddar, qeyri insani, ləyaqətini alçaldan rəftar etməklə özünün və valideynlərinin yaşadığı mənzillərdə ev işlərinin yerinə yetirilməsinə məcbur edərək insan alveri və məcburi əmək cinayətləri törətmişdir".  
Məhkəmə prosesində aşkarlanan Aynur Mehdiyevanın filippinli qadına verdiyi dəhşətli işgəncə faktları insanda heyrət doğurur. Bir insanın, özü də qadının, ananın bu qədər qəddarlığının, məkrinin, hikkəsinin səbəbini anlamaqda çətinlik çəkirsən. 14 aprel tarixində keçirilən məhkəmə iclasında isə Aynur Mehdiyevanın azərbaycanlı qulluqçusu Günel Məmmədovaya işgəncə verməsi faktı da üzə çıxıb. Belə ki, şahid qismində ifadə verən G.Məmmədova gündə 12-15 saat işlədildiyini, 400 manat əməkhaqqı aldığını, əmək müqaviləsinin olmadığını etiraf edib. Öz dediyinə görə üç il əvvəl həyat yoldaşından ayrılmış, himayəsində iki azyaşlı uşağı olan Günel Məmmədovanın maddi imkansızlılığından və asılılığından istifadə edən A.Mehdiyeva göründüyü kimi onun da əməyini istismar edib. 
Görəsən Aynur Mehdiyeva bu əməlləri törədərkən nəyə və kimə arxayın idi?  İşin materiallarında bu məsələyə də aydınlıq gətirilir. İstintaq zamanı  Aynur Mehdiyevanın filippinli  Llanto Fe Diazı  Daxili İşlər Nazirliyinin zabiti olan qardaşı Allahverən Lətif oğlu Mehdiyevlə qorxutduğu məlum olub. Aynur Mehdiyeva Feyə evlərinə tez-tez polis formasında gələn qardaşının "polislərin böyüyü" olduğunu və qaçacağı təqdirdə onu tapıb cəzalandıracağını deyirmiş. Polis zabiti olan Allahverən Mehdiyev məhkəmədə şahidlərin də təsdiq etdiyi kimi tez-tez bacısının evinə gedib-gəlirmiş. Bir il ərzində o gözləri qarşısında baş verən ağır cinayət əməlinə göz yummaqla, faktik olaraq insan alveri və əməyin istismarı cinayətlərinin iştirakçısına çevrilib, özü bu halların qarşısını almalı olduğu halda, bacısına bu cinayətləri törətmək üçün şərait yaradıb.  Daxili İşlər Nazirliyi belə bir "qanun keşikçisi"ni ən azı ağır cinayəti bilib gizlətməyə görə məsuliyyətə cəlb etməyi düşünürmü və niyə bugünədək öz əməkdaşının qanunazidd əməlləri barədə ölçü götürməyib? Ümid edirik ki, bu sualların cavabı Aynur Mehdiyevanın istintaqı qədər uzanmayacaq və DİN-in Mətbuat Xidmətinin hörmətli əməkdaşları sorğumuza ən qısa zamanda cavab verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin