Fevralın 28-də İsrail və ABŞ orduları İrana qarşı böyük hərbi əməliyyat başladıb. Əsasən hərbi infrastrukturlar, komanda-idarəetmə sistemləri hədəfə alınsa da məktəb, məscid, xəstəxanalra da hücumların olduğu bildirilir. İran cavab olaraq İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına raket və dronlarla hücumlar həyata keçirib. Həmçinin, bir neçə ölkədə, Bəhreyn, BƏƏ, Küveytdə bazalar hədəfə alınıb.
Bu, tammiqyaslı müharibə vəziyyətinə gətirib çıxarır və sülh çağırışlarına baxmayaraq qarşılıqlı hücumlar davam edir. Yaxın Şərqdəki gərginlik qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Xüsusilə Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin artması neft təchizatının dayanıqlılığı ilə bağlı sualları gündəmə gətirib. Bu proses dünya bazarında neft qiymətlərinə təsirsiz ötüşmür və neft ixrac edən ölkələr, o cümlədən, Azərbaycan üçün yeni risklər və ya imkanlar formalaşdıra bilər.
MÖVZU İLƏ BAĞLI:
Dünya birjalarında neft bahalaşır
Bəs durumun Azərbaycan neft qiymətinə təsiri necə qiymətləndirilə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli Azərbaycan neftinin bahalaşacağını deyib:
“Dünyada neft qiymətləri qalxdı, bu gün gözləntilər çərçivəsində, gərginlik fonunda neft qiymətləri hardasa 6 dollara yaxın qalxıb. Təbii ki, bu fonda Azərbaycan nefti də bahalaşır. Yəqin ki, 79-80 dollara qədər bahalaşacaq. Bu, Azərbaycan üçün o mənada müsbətdir ki, neftin qiyməti nə qədər yüksəkdirsə, Azərbaycana bir o qədər də valyuta gəlirləri daxil olur. Bu anlamda hələlik müsbət təsir edir. Yəni neft gəlirlərinin artması ölkəyə daha çox valyuta daxil olması deməkdir”.
Günay Şahmar, Bizim.Media
































































































