Tacikistanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan ordusu taciklərdən dağlarda döyüşün sirrini öyrənəcək. Məlumata görə, Azərbaycan tərəfi artıq bununla bağlı öz istək və təklifini qarşı tərəfə çatdırıb. Lakin bu məlumat hərbi ekspert və müharibə veteranları arasında birmənalı qarşılanmayıb. Belə ki, bəzi mütəxəssislər hesab edir ki, Tacikistan dağlıq relyefə malik olsa da, onun I Qarabağ savaşının ağır döyüşlərindən çıxan və atəşkəs dövründən üzübəri öz hazırlığını Çin, Türkiyə və s. ölkələrin təcrübəsinə əsasən artıran Azərbaycan ordusuna öyrədə biləcəyi çox az şey var. Bununla bağlı Moderator.az saytına açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov Tacikistanın Azərbaycanla hərbi əməkdaşlığa olan marağının onun özü üçün də yeni bir şey olduğunu qeyd etdi: “Doğrusu, bu məsələ mənim üçün də bir qədər təəccüblüdür. Çünki Tacikistan hərbi sahədə əməkdaşlığa, bu istiqamətdə hansısa layihələr gerçəkləşdirməyə heç vaxt o qədər də maraqlı görsənməyib. İndi ola bilsin ki, Azərbaycan tərəfi ilə hansısa birgə layihə işləmək niyyətindədir. Lakin bu da ola bilər ki, burada məqsəd Azərbaycanın iqtisadi imkanlarından istifadə etmək olsun. Bildiyim qədəri ilə Tacikistanın iqtisadi durumu elə də ürəkaçan deyil. Ola bilsin ki, tacik dostlarımız təklif etdikləri layihəni Azərbaycanın imkanları hesabına reallaşdırmaq niyyətindədirlər. Mənsə hesab edirəm ki, əgər bu layihə kifayət qədər ciddi və faydalıdırsa, bunu dəstəkləmək olar. Lakin bunun elə bir səmərəsi olmayacaqsa, o zaman dövlət vəsaitini boş yerə sərf etmək məqsədəuyğun deyil”.
Seymur Əliyev




































































































