Rusiyalı iş adamı və Federasiya Şurasının keçmiş üzvü Umar Cəbrayılov Moskvada otellərin birində ölü tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, yanında “Luger” tapançası aşkarlanan Cəbrayılov başından güllə yarası almış halda tapılıb.
“Baza” teleqram kanalı onun “Vesper Tverskaya” yaşayış kompleksində yerləşən mənzilində intihar etdiyini yazıb.
O, Moskva vaxtı ilə təxminən saat 3:00-da xəstəxanaya aparılsa da, xilas edilə bilməyib. O, naməlum şəxs kimi xəstəxanaya yerləşdirilib. Daha sonra onun şəxsiyyəti müəyyən edilib.
Rusiya İstintaq Komitəsi ilkin araşdırmaya başlayıb. "Kommersant" qəzeti qeyd edib ki, cinayət işinin başlayıb-başlatmaması ilə bağlı prosedur qərarı veriləcək. Hadisə intihara təhrik kimi təsnif edilə bilər.
Qeyd edək ki, 2020-ci ildə də Umar Cəbrayılov intihara cəhd etmişdi. Həmin an o, xilas edilmişdi.
Əslən Çeçenistandan olan Umar Cəbrayılov 28 iyun 1958-ci ildə Qroznıda anadan olub. 1997-ci ildə “Plaza” Şirkətlər Qrupunda top menecer vəzifəsinə yüksəlib. 2004-cü ildən 2009-cu ilə qədər Çeçenistanı təmsil edən senator olub, həmçinin Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini və Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiya nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərib.
2009-cu ildən 2013-cü ilə qədər Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisinin müşaviri vəzifəsində çalışıb.
2017-ci ildə narkotik təsiri altında olan Cəbrayılov Moskvadakı “Four Seasons” otelində tapançadan tavana atəş açdığı üçün “Vahid Rusiya” partiyasından xaric edilib. Hadisə zamanı heç kim xəsarət almayıb, biznesmen isə xuliqanlığa görə 500 min rubl cərimə olunub.
2000-ci ildə Cəbrayılov prezident seçkilərində Vladimir Putinə rəqib olub. O, “Ağıl Gücü” təşəbbüs qrupunun namizədi kimi iştirak edib. Daha sonra Moskva Şəhər Prokurorluğu Cəbrayılovu dəstəkləyən imza vərəqələrinin saxtalaşdırılması ilə bağlı cinayət işi açıb.


Bizim.Media
































































































