Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov Gəncəyə və ermənilərin atəşə məruz qoyduğu bir sıra bölgələrə səfəri ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, səfir gördüklərindən şoka düşdüyünü deyib.
“Prezident Administrasiyası və Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsləri və dəstəyi sayəsində xarici həmkarlarımla birlikdə Gəncə şəhərinə və ölkənin bir sıra bölgələrinə bir neçə dəfə baş çəkdim. Bu səfərlər zamanı şəxsən raket hücumlarının ağır nəticələrinə əmin oldum. Gördüyüm hər şeydən şokdayam: ən acınacaqlısı günahsız insanların ölməsidir”.
Diplomat qeyd edib ki, Özbəkistan Respublikasının Qanunvericilik Palatası (parlament) rəhbərliyi də Dağlıq Qarabağ ətrafındakı silahlı qarşıdurma və xüsusilə Azərbaycanın dinc əhalisi arasında insan tələfatı ilə bağlı narahatlığını dilə gətirib. “Eyni zamanda, Özbəkistanın Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməklə həllinə dair prinsipial mövqeyini bir daha təsdiqləmək istəyirəm. Qurbanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıram”.
Bizim.Media