Tural Abbaslı Pənah Hüseynlə bir partiyada birləşir?

Hazırda oxunan: Tural Abbaslı Pənah Hüseynlə bir partiyada birləşir?

99739

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi son həftələrdə siyasilər arasında əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Xüsusən də, partiyalar üçün layihədə nəzərdə tutulan 10 min nəfər üzv məsələsi ətrafında daha çox danışılır. 

Belə ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların çoxunun bu qədər üzvünün olmadığı bildirilir. Bu səbəbdən də həmin partiyaların fəaliyyətini davam etdirməsi üçün yalnız bir yol qalır: digər partiyalarla birləşmək.

Bu  yöndə mətbuatda da müxtəlif iddialar ortaya atılır. Sonuncu belə məlumatlarda biri də Ağ Partiya ilə Azərbaycan Xalq Partiyasının birləşəcəyi ilə bağlıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı sözügedən iddiaya münasibət bildirib:

“Məlumatın kim tərəfindən və nə üçün yayıldığını bilmirəm. Lakin biz Pənah bəylə həm şəxsi anlamda dostuq, həm də partiyalarımız müttəfiqdirlər. Eyni zamanda Azərbaycan Milli İstiqlal Partiyası da bu müttəfiqliyə daxildir. Lakin bu o demək deyil ki, onlar bizə, yaxud biz onlara birləşəcəyik. Nə Pənah bəydən belə bir təklif gəlib, nə də məndən. 

Sözün doğrusu, hazırki siyasi şəraitdə nə Pənah bəyin, nə də bizim belə bir birləşməyə ehtiyacımızın olduğunu düşünürəm. Ola bilsin ki, “Siyasi partiyalar haqqında” qanunla bağlı kimlərsə belə düşünüb. Lakin o da hələ layihə mərhələsindədir və dinləməyə çıxmayıb. Ona görə də bu, əsassız şaiyədir”.

Tural Abbaslı üzv sayı ilə bağlı hər hansı problemlərinin olmadığını da diqqətə çatdırıb:

“Heç bir partiyanın bu formada qəbulunu dəstəkləmədiyi yeni qanun layihəsinə rəğmən, Ağ Partiya bütün tələblərə cavab verir. Bizim heç bir partiya ilə birləşməyə ehtiyacımız yoxdur.

Eləcə də, Pənah bəyin də ehtiyacının olduğunu düşünmürəm. Bəzi partiyaların birləşmə ilə bağlı öz aralarında məsləhətləşmələr apardıqlarından da xəbərdaram. Amma bizim aramızda bu barədə müzakirələr olmayıb”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin