“Böyük dövlətlər arasında toqquşma olmasa, sülh müqaviləsi imzalana bilər” – Elman Nəsirov 

Hazırda oxunan: “Böyük dövlətlər arasında toqquşma olmasa, sülh müqaviləsi imzalana bilər” – Elman Nəsirov 

99130

“Cənab Prezident Ağdama səfəri zamanı qeyd etdi ki, proseslər normal məcrada davam edərsə, il sonunadək sülh müqaviləsi imzalana bilər. Eyni mövqeyi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ifadə etdi. Paşniyanın da oxşar mövqe sərgiləməsinə şahidlik etmişik”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elman Nəsirov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Xəyanət sözü Paşinyanın alnına yazılıb” – Elman Nəsirov 


Deputat Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın bu ilin mart ayında irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini açıqladığını da diqqətə çatdırıb:

“Sadəcə olaraq, burada çətinlik onunla bağlıdır ki, Ermənistan tərəfi 5 baza prinsipinə genişləndirilmiş yanaşma ideyasını irəli sürüb. Daha dəqiq desək “5+1” yanaşaması ilə çıxış edirlər.
Həmin əlavə edilən prinsip isə Qarabağ ermənilərinin təhlükəsizliyi və siyasi hüquqları ilə bağlıdır. Yəni daha dərinə getdikdə qeyd edirlər ki, burada söhbət statusdan gedir. Bizim üçün isə status qəbuledilməzdir. Azərbaycan Prezidenti də dəfələrlə qeyd edib ki, “statusdan söhbət belə gedə bilməz”.

Xarici işlər naziri Ceyhun Bayramov da ifadə etdi ki, Azərbaycan Ermənistana 5 baza prinsipinə genişləndirilmiş elementlər təqdim edib. Ermənistan tərəfi də hələ ki, həmin genişləndirilmiş konsepsiyanın öyrənilməsi ilə məşğuldur və cavab verilməyib”.

Elman Nəsirovun sözlərinə görə, genişləndirilmiş prinsiplərin nədən ibarət olduğu ictimaiyyətə açıqlanmasa da söhbət sülhə gedən yolun tənzimlənməsinə xidmət edən yanaşmalardan gedir:

“Prinsip etibarilə, böyük dövlətlər arasında bu məsələdə toqquşmalar olmasa, sülh müqaviləsinin imzalanması daha real görünür. Sülh prosesi ilə bağlı, Moskvada, Soçidə, Brüsseldə və Vaşinqtonda danışıqlar olub.

Eyni zamanda Ukrayna böhranına görə bir tərəfdə Brüssel və Vaşinqton, digər tərəfdə isə Moskva bir-birinə düşmən kimi baxırlar.Bu səbəbdən hər bir tərəf qarşı tərəfin Cənubi Qafqazda atdığı addımlara qısqanclıqla yanaşır.
Təki bu cür skeptik problemlər sülh müqaviləsinin imzalanmasına mane olmasın. Amma Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi var. Biz sülh və regionda əməkdaşlıq istəyirik. Top isə qarşı tərəfdədir.

Biz onlardan sözdə yox, işdə əməli addımların atılmasını gözləyirik. Bütün bunların baş verəcəyi təqdirdə, hesab edirəm ki, sülh müqaviləsinin il sonuna qədər imzalanması mümkün ola bilər”.  

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin