Niyə məhz indi və nədən Japarov – Millət vəkili Sahib Alıyev YAZIR

Hazırda oxunan: Niyə məhz indi və nədən Japarov – Millət vəkili Sahib Alıyev YAZIR

99082

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qırğızıstana ilk dəfə olaraq niyə məhz indi  dövlət səfəri etdiyi heç də səbəbsiz deyildi və  onun Bişkekdəki açıqlamalarından  da bunu sezmək mümkündür.

Dövlət başçımız özəlliklə vurğuladı ki, çeşidli tədbirlər çərçivəsində Qırğıstanda olsa da, ilk dəfədir belə bir səfər edir və bu, qardaş ölkənin Prezidentinin Bakıya gəlişindən cəmisi yarım il sonra reallaşdırılır. Yəni adətən cavab səfərləri üçün təqribən bir il vaxt tələb edilsə də, Azərbaycan Prezidenti onu iki dəfə qıslatmağa üstünlük verdi.

Nədən? Cənab İlham Əliyevin bir açıqlamasında üstüörtlü olsa da, əslində bu sualın cavabı var.
 

MÖVZU İLƏ BAĞLI:

Vasitəçilik mübarizəsində TƏRƏFLƏR - “Ən idealı ikitərəfli formatdır, lakin bu baş tutmur” - Sahib Alıyev


O, mətbuat üçün bəyanatında bildirdi ki, “bəzi səbəblər üzündən əvvəlki illərdə əldən buraxdıqlarımızın qısa vaxt kəsiyində hansısa dərəcədə yerini doldurmaq" üçün indi tərəflər əlaqələri intensivləşdirməyə çalışır.

“Bəzi səbəblər”in nə olduğu açıqlanmasa da, əslində sirr də deyil. Qardaş ölkənin keçmiş rəhbərlərinin heç də hamısının öz xalqının maraqlarından çıxış etməmələri, Ermənistanın Azərbaycan torpaqlarını işğalına məhəl qoymamaları, bəzən hətta buna haqq qazandırırmış kimi davranmaları, türk birliyi məsələsində səmimi olmamaları(Atambayev dönəmi) üzündən bu əlaqələr arzulanan səviyyədə deyildi.

Prezident Sadır Japarov isə tam fərqli mövqe sərgiləyir və mən inanmıram ki, o, Azərbaycanla sülh anlaşması imzalanmayınca Ermənistana rəsmi səfərə gedib özündən öncə Qırğızıstana rəhbərlik edənlərin hərəkətlərini təkrarlayacaq.

Prezidentimizin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı zamanı etdiyi çıxışında qardaş ölkədə “ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışın olduğunu” gördüyünü və bunun “Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər” tutulduğunu vurğulaması da fikirmcə, elə bunun təsdiqi idi.

Cənab İlham Əliyevin bu sözlərində bir tərəfdən Azərbaycanın türk birliyi məsələsində nə dərəcədə prinsipial mövqe tutduğunu, bu yöndə atılan addımların bizim ölkəmiz üçün edilirmiş kimi dəyərləndirildiyini ortaya qoyursa, digər tərəfdən də cənab Japarovun siyasəti təqdir olunur.

O siyasət ki iyulun 20-də Qırığızstanın Çolpan-Ata şəhərində Mərkəzi Asiya dövlət başçılarının 4-cü Məşvərət Görüşündə də özünü göstərmişdi.

Rəsmi Bişkek Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə təkcə ikitərəfli yox, həm də çoxtərəfli əməkdaşlıqla bağlı təşəbbüsünü dəstəkləyərək bunun institutlaşması tərəfdarı kimi çıxış etsə də, oradakı üzv ölkələrdən birinin lideri çox ehtimal ki, kənar güclərin diqtəsi ilə əleyhinə çıxmışdı.

Görünür, həmən adam bunun qarşılığında hərbi-texnki yardım vədi, yaxu da başqa nə iləsə ödülləndirilmişdi. Və ola da bilər ki, ona verilən ordendə bu xidmətləri də nəzərə alınıb. 

Beləliklə, Azərbaycan Prezidenti Qırğızıstanla Tacikistan arasında qanlı toqquşmaların təzə başa çatdığı, gərginlik yaşandığı bir vaxtda qardaş ölkəyə səfər etməklə, məncə, eyni zamanda həm də  dostcasınanı olduğu kimi, qeyri-dostcasına yanaşmanı da cavabsız qoymadığımızı, qoymayacağımızı  diqqətə çatdırdı.

Ümumiyyətlə, dövlət başçımızın qarşılanmasından yola salınmasınadək sərgilənən davranış, edilən açılışlar(Qırğızıstan-Azərbaycan Dostluq Parkı, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi”, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbi) onun ötən ay Mərkəzi Asiyadakı başqa bir qardaş ölkəyə, Özbəksitana etdiyi sözün hər anlamında yüksək səviyyəli səfərini xatırlatdı.

Yəni Azərbaycana böyük sayğıyla yanaşıldığı, bunun ölkəmizin oynadığı roldan, yeritdiyi siyasətdən,  eyni kökdən gəldiyimizdən və eyni yolu getdiyimizdən qaynaqlandığı Özbəkistandakı kimi Qırğızıstanda da göz önünə sərildi.

Yeri gəlmişkən, dövlət başçımızın Bişkek səfərində üzərində ayrıca dayanılan layihələrdən biri də elə Çini Avropayla birləşdirən dəmir yolu idi ki, o da məhz Qırğızıstan, Özbəkistan və Azərbaycandan keçməlidir.
Bu, indi “Orta Dəhliz” adlandırılsa da, Azərbaycanı Naxçıvanla birləşdirən birbaşa yol da açılandan, yaxud da açdırılandan sonra şərq-qərb marşrutu üzrə əsas nəqliyyat xəttinə çevrilə bilər. Yəni o, təkcə orta deyil, həm də mərkəzi dəhliz funksiyasını yerinə yetirmək gücündədir.

Bütün bunları Mərkəzi Asiyadakı qardaş ölkələrin görmələri və qiymətləndirmələri əlbəttə, sevindiricidir.

Orası da sevindiricidir ki, onlar bu gün müstəqil siyasət yeridən güclü Azərbaycanın regionda artan rolunun, Qarabağdakı fəaliyyətinin də, Zəngəzur dəhlizinin açılması yönündəki səylərinin də onların da maraqlarına tam cavab verdiyinin fərqindədirlər.

Oradakı siyasi elita böyük strateq Zbiqnev Bjezinsikin Mərkəzi Asiya dövlətlərinin müstəqilliyinin Azərbaycanın müstəqilliyinə bağlılığı haqda fikirlərinin nə qədər doğru olduğunu hər ötən il daha çox hiss edərək ona uyğun siyasət yeritməyə başlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin