Vasitəçilik mübarizəsində TƏRƏFLƏR - “Ən idealı ikitərəfli formatdır, lakin bu baş tutmur” - Sahib Alıyev

Hazırda oxunan: Vasitəçilik mübarizəsində TƏRƏFLƏR - “Ən idealı ikitərəfli formatdır, lakin bu baş tutmur” - Sahib Alıyev

98839

Xəbər verdiyimiz kimi, ötən həftə Praqada əldə olunan razılaşmalara əsasən, Avropa İttifaqı ölkələri Ermənistan-Azərbaycan sərhədinə missiya göndərəcək. 

Lakin bu müddəa 44 günlük müharibədən sonra əsas vasitəçi missiyasını öz üzərinə götürən Rusiya tərəfindən heç də xoş qarşılanmayıb.

Belə ki, bu ölkənin XİN sözcüsü Mariya Zaxarova Aİ missiyasının regiona gəlişini Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına istənilən yolla müdaxilə etmək cəhdi və Moskvanın vasitəçilik səylərinə təzyiq vasitəsi kimi qiymətləndirib.

Bəs, Rusiyadan gələn xəbərdarlıq tipli bəyanat sülh prosesinin gedişinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev qeyd edib ki, vasitəçi kimi çıxış etmək istəyən tərəflər, Azərbaycan-Ermənistan rəsmilərinin görüşlərini təşkil və ona moderatorluq etmək istəyənlər, əgər doğrudanda da regionumuzda tezliklə sülhün yaranmasında maraqlıdırlarsa, çəkilib kənarda dayansalar daha yaxşı olardı:

“Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması, tezliklə sülh razılaşmasının əldə olunması üçün ən ideal format ikitərəfli formatdır. Təəssüflər olsun ki, bu baş tutmur. Səbəbsə ondan ibarətdir ki, Ermənistan uzun müddət yeritdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq subyektliyini itirib və ayrı-ayrı güc mərkəzlərinin əlində geosiyasi alət kimi istifadə edilir. 
Eyni zamanda bir-birinin danışıqları təşkil etməsinə qısqanclıqla yanaşan güclər mövcuddur. Bu durumun arxasında dayanan reallıqsa ondan ibarətdir ki, həmin güclər Ermənistanın özünə aid geosiyasi alət olduğunu və əslində onların proksisi kimi çıxış etdiyini sərgiləməyə çalışırlar”.

Sahib Alıyev Mariya Zaxarovanın vasitəçilik missiyası ilə bağlı son açıqlamasına da münasibət bildirib:

“Böyük dövlətlərin, eləcə də regiondankənar güclərin bölgəyə gəlmələrini təmin edən, bütövlükdə regionu dünyaya açan tərəf Azərbaycandır. Ulu Öndər Heydər Əliyevin reallaşdırdığı neft-qaz strategiyası nəticəsində regionumuz dünyaya açılıb və bu, bütövlükdə bölgəmiz üçün böyük rifah, gəlir vəd edən bir açılımdır. Lakin Azərbaycan heç zaman regiondankənar güclərin burada öz geosiyasi maraqlarından çıxış edərək, hansısa bir region ölkəsinə plasdarm kimi yanaşmalarına da maraqlı olmayıb.
 

Zaxarovanın toxunduğu məsələ də onların bəzən üstün müttəfiq kimi təqdim etdikləri Ermənistanın, yəni öz forpostlarının rəhbərliyinin istəyidir. Azərbaycanın bu məsələdə konkret mövqeyi ortadadır. Azərbaycan öz sərhədləri boyunca həmin qüvvələrin yerləşməsinə izn verməyib. Ona görə də, həmin ölkələr bunu öz aralarında çözməldirirlər.


Lakin çox təəssüflə qeyd etmək istəyirəm ki, regionda tezliklə sülhün bərqərar olmasında maraqlı olduğunu bildirən ölkələr və guya bu məqsədlə vasitəçilik missiyasını yerinə yetirdiklərini göstərən güclər, necə ki, BMT qətnamələrinin icrasını Azərbaycanın öz öhdəsinə qoydular, eləcə də Azərbaycan öz gücünə, qətiyyətinə güvənərək bölgədə sülhü təmin edəcək”.

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin