Ombudsmanın seçilməsi proseduru təkmilləşdirilir - LAYİHƏ

Hazırda oxunan: Ombudsmanın seçilməsi proseduru təkmilləşdirilir - LAYİHƏ

97921

İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) seçilməsi proseduru təkmilləşdirilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsində əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Milli Məclis 83 səs çoxluğu ilə seçir.

Milli Məclis Müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində digər üç şəxsin namizədliyini Milli Məclisə təqdim edir.

Təklif edilən yeni - 4.3-cü maddəyə əsasən, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Layihəyə əsasən həmçinin, insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) fəaliyyəti də genişləndirilir.

Bura dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi daxil edilir.

Ombudsman publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (informasiya sahibləri) “İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə də nəzarəti həyata keçirəcək.
Müvəkkilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək də həvalə olunur.

Eyni zamanda Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin