Bu gün Azərbaycanda Anım Günüdür. 44 günlük müharibədə düşmən üzərində qələbə çalan Şəhidlərimizin Anım Günüdür. 2020-ci ilin sentyabrın 27-də düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu işğaldakı torpaqların azad olunması uğrunda ilk döyüşlərə atılır.
Bizim.Media-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ilk günün döyüşləri, onun müharibənin ümumi gedişində oynadığı rolla bağlı təəssüratlarını bölüşdü:
MÖVZU İLƏ BAĞLI:
44 günlük müharibə regionda və dünyada nələri dəyişdi? - TƏHLİL
“44 günlük savaşın ilk saatları, ilk günü müəyyən gərgin anlarımız olub. Amma buna baxmayaraq, bütün ordu elə ilk anlardan düşmənin darmadağın ediləcəyinə tam əmin idi. Elə ilk gündən Ordumuzun bütün cəbhə boyu əks-hücum əməliyyatları başladı. Uzun müddət idi ki, düşmən təxribatları davam edirdi. Bu dəfə isə düşməni cəzalandırmaq üçün qətiyyətli göstərişlər verildi. Bu da Ordumuza əlavə stimul, motivasiya verirdi. Elə ilk anlardan xüsusi olaraq düşmən arxasına keçən Xüsusi Təyinatlılarımız, birinci eşolonda yerləşən qüvvələrimiz fərqlənməyə başladı. Onlar əllərindən gələni etdi ki, ilk gündən müəyyən uğurlara imza ata bilək”.
Həmsöhbətimiz qeyd edir ki, ilk döyüş günü 6 məntəqənin düşməndən azad edilməsinin müharibənin sonrakı gedişinə mühüm təsiri olub:
“Sentyabrın 27-də Füzuli istiqamətində bir neçə yaşayış məntəqəsini azad etdik. Bunlar Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Böyük Mərcanlı, Nüjgar və Kəlbəcər istiqamətində Murovdağ yüksəkliyi Ordumuzun nəzarəti altına düşdü. Hansı ki, ermənilər məhz bu istiqamətdə, xüsusən də Qaraxanbəyli, Qərvənd və kənd Horadiz istiqamətində ən güclü müdafiə mövqelərini qurmuşdu.
Bütün bunlara baxmayaraq elə döyüşün ilk günündən sözügedən ərazidə düşmən darmadağın oldu. İlk gündə əldə etdiyimiz bu uğur sonrakı günlərdə Ordumuzun daha böyük ruh yüksəkliyilə düşməni darmadağın etməsində stimul rolunu oynadı.
İlk gündən ağır məğlubiyyətə uğraması fonunda düşmən ordusu daxilində böyük panika yarandı ki, bu da müharibənin sonrakı gedişində onun taleyini həll edən amillərdən biri idi. Düşmən artıq başa düşdü ki, işğal etdiyi ərazilərimizi əllərində saxlaya bilməyəcək. Nəticvədə ilk gündən onlar geri çəkilməyə başladı. Müharibədə ilk günün qələbəsi mühüm rol oynayır. Belə ki, məhz ilk günün uğuru onun davamının da gəlməsində böyük rol oynayıb”.
Rüfət Sultan, Bizim.Media