“Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız öz şərəf tarixinin möhtəşəm mərhələsinə qədəm qoyaraq məğlubiyyətlər buxovundan qurtuldu
Milli tariximizin şanlı Zəfər günlərini yaşayırıq. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr ümidsizləşmiş zəfər ruhumuzu yenidən dirçəltdi, milli şüurumuza, mübarizə əzmimizə günəş kimi doğdu.
“Dəmir yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edildi.
Oktyabrın 3-də xüsusi əhəmiyyətə malik Tərtərin Suqovuşan kəndi işğaldan azad edilərək öz tarixi adına qovuşdu. 44 günlük şanlı tarix elə ilk günlərdən yaddaşımıza qələbə xəbərləri ilə həkk olundu. Suqovuşandan başlayan Zəfər yolumuz Şuşaya qədər uzandı.
Əminliklə deyə bilərik ki, Şuşa şəhərinin azad olunması tarixin hərb yaddaşında xüsusi iz buraxmış, öyrəniləcək, öyrədiləcək hərbi taktikaya çevrildi. Əgər təbii istehkam, qala-şəhər olan Şuşa texnika gücünə - tankla, topla azad edilmiş olsaydı, onun tarixi yaddaşı da zərər görəcək, biz həm də öz əlimizlə əsrlərin mirasını zədələmiş olacaqdıq.
Buna görə də hücum variantı kimi əlbəyaxa döyüş taktikası seçildi. Məhz Şuşa Zəfəri ilə müharibə gedişatına son nöqtə qoyuldu. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin diktə etdiyi bütün şərtləri qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bizim.Media xəbər verir ki, bu fikirlər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın “Şanlı Zəfərimizə gedən yol” sərlövhəli məqaləsində yer alıb.
Artıq xalq öz gücündən əmindir!
Dünyanı mahirliyinə, dəqiqliyinə, nümunəviliyinə heyran qoyan müzəffər Ordumuzun cəbhədəki uğurlarının başlıca səbəbi Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və bundan yaranan milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Artıq iki ildir ki, biz işğal günlərini unudub, azad edilmə tarixlərini qeyd edirik. 30 illik həsrət öz yerini milli qürura, qələbə gücündə birliyə verib. Bir xalq öz tarixini, vüqarını daha gözəl necə qoruya bilərdi?!
Təbii ki, əldə olunan möhtəşəm Qələbənin, aparılan irimiqyaslı quruculuq, yenidənqurma və davamlı xarakter daşıyan siyasi nailiyyətlərin arxasında xalq və iqtidar birliyi, milli əzm, vahid ideologiya - azərbaycançılıq dayanır.
Kökü, həmişəyaşar lider Heydər Əliyevlə qoyulan azərbaycançılıq məfkurəsi, onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəqiq siyasi zəkası ilə Zəfər tarixinə zəmin yaratdı.
Hər zaman çıxışlarında işğalda olan əzəli Azərbaycan torpaqlarının bir gün geri qaytarılacağını əminliklə söyləyən Ümummilli Lider, onu əhəmiyyətli və dəyişməz tarixi tövsiyə kimi öz davamçısına ötürdü.
Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt oğul hesab edən cənab Prezident, bu tarixi əhəmiyyətli nailiyyətlə həm də bir xalqın qürurunu, milli mənsubiyyətini, mənliyi yenidən özünə qaytardı. Məğlubiyyətdən inamını itirmiş xalq məhz bu tarixi Zəfərlə yenidən özünə inam qazandı, öz gücünə, edə biləcəklərinə bir daha əmin oldu.
Ali Baş Komandanın hər bir müzəffər əsgəri əmrə müntəzir halda 30 il düşmən tapdağı altında qalmış torpaqları qarış-qarış geri aldı, hər zirvəsində üçrəngli bayrağımızı dalğalandırdı. Bu tarixi Qələbə ilə işğaldan azad olunan torpaqlar iqtisadi və mədəni həyata qədəm qoydular. Düşmən vandalizminin izlərini 30 ildir köksündə daşıyan əzəli torpaqlarımız bu gün dirçəlir, bərpa olunur, gözəlləşir.
2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanı, noyabrın 7-də isə Füzuli-Şuşa avtomobil yolu - Zəfər yolunun açılışı, 2022-ci il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı və bununla da, start götürən “Böyük Qayıdış” prosesi ilə dünya ictimaiyyəti bir daha Azərbaycanın qüdrətinə, erməni vandalizminin yerində qurub-yaratdığı abadlığa heyran qaldı! Bu bərpa və yenidənqurmaya “Vaqif Poeziya Günləri”, “Dünya Azərbaycanlılarının V Qurultayı”, müxtəlif beynəlxalq görüş və konfranslar zamanı məhz “Zəfər yolu” ilə Şuşaya gələn əcnəbilər görüb, şahid olublar.
Şuşanın bugünkü taleyini hələ iki il öncə - 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciət edərkən həll etmişdi. O demişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq.
Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli” çərçivəsində ilboyu Şuşanın - əzəli Azərbaycan torpaqlarının tarixinin, mədəniyyətinin təbliği, tanıdılması istiqamətində çoxsaylı işlər görülür, görülməkdədir.
Həm ordu quruculuğu, həm mədəni zənginlik, həm də iqtisadi islahatlar baxımından, regionda güc və söz sahibi olmaq, həm də bunu qısa zamanda edə bilmək dərin siyasi zəka və möhkəm, sarsılmaz birlik tələb edir. Bu baxımdan, dünyanın bizdən öyrənəcəkləri çoxdur.
Əlbəttə, sürətli inkişaf düşmənin gözünə ox kimi batır. Biz siyasi-iqtisadi gücümüzlə irəlilədikcə, düşmən iyrənc əməllərindən, təxribatlarından əl çəkə bilmir.
Hər kəs bacardığını edir axı! Tarixi Zəfərimizi iki ildir həzm edə bilməyən düşmənin gücü yalnız qorxaq köpək kimi qəfil hücuma, aldadıcı manevrlərə, yalana, böhtana, yalandan axıdılan göz yaşlarına, saxta təkliflərə və kömək üçün onun-bunun qapısına qaçmağa çatır.
Sentyabrın 12-dən 13-nə keçən gecə həyata keçirilən son təxribatlar da onu göstərdi ki, düşmən açıq mübarizədən çəkinir.
O, hiylə ilə, gizlin, aldadıcı gedişlərlə üstünlüyü ələ almaq istəyir. Amma Müzəffər Ali Baş Komandanın yerində verilmiş əmrləri və onun nizami ordusunun dəyanəti nəticəsində düşmənin hər bir təxribatının qarşısı anında alınır.
Məlumdur ki, zəfər yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o, həmçinin diplomatiya, iqtisadi, informasiya və təbliğat sahəsində də mübarizə tələb edir. Xalq öz birliyini 44 günlük müharibə dövründə həm döyüş, həm də informasiya cəbhəsində sübut etdi, hər sahədə düşmənə layiqli cavab verdi.
Müharibə gedişatında və sonrakı müddətdə ölkə başçısının xarici telekanallara elə öz dillərində verdiyi müsahibələr, tarixi sübutlarla, faktlarla söylədiyi fikirlər informasiya cəbhəmizdən düşmənə qarşı açılan ən tutarlı cavab atəşi oldu.
Xüsusi vurğulamaq yerinə düşər ki, ölkəmizin haqq savaşında cəmiyyətimizin bütün zümrələri kimi ədalətin keşiyində dayanan ədliyyə və məhkəmə işçiləri də öz öhdələrinə düşən şərəfli missiyanı layiqincə yerinə yetirmişlər.
Ölkəmizin ərazi bütövlüyünün qorunmasında ədliyyə və məhkəmə orqanlarının yüzədək əməkdaşı hərbi xidmətə yollanaraq yüksək vətənpərvərlik nümunəsi göstəriblər.
Son illər məhkəmə-hüquq sahəsində aparılan islahatlar, bu sahənin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar, ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar, nəhəng quruculuq işləri sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür.
Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sistemi üçün mühüm "yol xəritəsi" olmaqla bu sahədə islahatların yeni mərhələdə davamına rəvac vermişdir. Artıq Fərmanın qəbulundan üç il ötür və onun icrası ilə bağlı bu müddət ərzində kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülüb.
Bir sözlə müqəddəs Vətən müharibəsindəki şanlı Qələbəmiz həyatın bütün sahələrində olduğu kimi məhkəmə-hüquq sahəsində də böyük ruh yüksəkliyi yaratmışdır.
Şərəfli missiya yerinə yetirən ölkəmizin məhkəmə-hüquq sisteminin öz işini qalib dövlətin adına layiq şəkildə qurması zamanın tələbidir və bu tələbin yerinə yetirilməsi istiqamətində sistemli fəaliyyət göz qabağındadır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:26 / 22.09.2022
Şanlı Zəfərimizə gedən yol
Hazırda oxunan: Şanlı Zəfərimizə gedən yol
Hazırda oxunan: Şanlı Zəfərimizə gedən yol
95261
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.