İtaliyanın "il Sussidario" qəzeti Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin qəzetin redaksiyasına göndərdiyi məktubunu dərc edib.
Bizim.Media xəbərinə görə, Azərbaycan səfiri məktubunda Ermənistanın bu ölkədəki səfirinin həmin qəzetə dezinformaiya xarakterli müsahibəsinə tutarlı arqumentlərlə cavab verib.
Azərbaycan səfirinin məktubu bu fikirlərlə başlayır:
"Erməni səfirinin müsahibəsi şikayətlər, ittihamlar, yalan və təhriflərlə dolu olmasaydı çox təəccüblənərdim, çünki o, özünün və ümumilikdə erməni tərəfinin adəti olaraq düşünür ki, bütün dünya onların dediklərinə kor-koranə inanmalı və Ermənistanı hər bir vəziyyətdə, hətta problemlərinin səbəbkarı özləri və siyasi rəhbərlikləri olanda belə dəstəkləməlidir.
Görünən odur ki, xaricdəki ilk diplomatik vəzifəsində çalışan erməni səfiri üçün bir neçə illik bu az müddət öz fəaliyyət tərzini və danışıq üslubunu diplomatik etiketə uyğunlaşdırmağa kifayət etməyib. Lakin, bu dəfə səfir həqiqətən də bütün sərhədləri aşaraq beynəlxalq ictimaiyyəti, Avropa institutlarını və müstəqil mətbuatı sərt tənqid etməyi özünə icazə verərərək onları ölkəsinin Azərbaycana qarşı hərbi hücumlarına dəstək verməməkdə ittiham edib.
Amma əslində, üç onillik ərzində Azərbaycan torpaqlarını hərbi işğal altında saxlayan, bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoyan, işğal olunmuş bütün əraziləri yerlə-yeksan edən bir ölkənin təmsilçisindən fərqli davranış gözləmək mümkün deyil".
Fikirlərinə davam edən Azərbaycan diplomatı bildirir:
"Görünən odur ki, yalnız öz təxəyyülündə özünü “demokratik” bir ölkənin təmsilçisi hesab edən bir səfirə onun fikrindən başqa fikirlərə minimum səviyyədə dözümlülük nümayiş etdirmək düzgün görünmür. Bir çox müstəqil analitiklərin vurğuladığı kimi Ermənistanda baş nazirin bütün hakimiyyəti qəsb etdiyi və siyasi qeyri-sabitlik və dərin iqtisadi və sosial problemlər ucbatından vətəndaşların davamlı olaraq başqa ölkələrə qaçması kimi fəlakətli vəziyyət hökm sürdüyü bir halda səfirin söylədiyi "Ermənistanda demokratiya" nağılları çox gülüncdür.
Mən həmkarıma sadəcə olaraq Ermənistanın sabiq prezidenti ilə bağlı epizodu xatırlatmaqla kifayətlənmək istəyirəm. O sabiq prezident ki, həmin səfirin onun İtaliyaya səfərini təşkil etməsindən cəmi bir neçə həftə sonra ölkədən qaçaraq istefa verdi və istefasının səbəbini də öz vəzifəsini həyata keçirmək üçün yetərincə səlahiyyətlərə malik olmaması ilə əsaslandırdı, çünki həmin səlahiyyətlər baş nazir tərəfindən qəsb edilmişdir.
Müstəqillik əldə etməsindən keçən 30 ili ərzində Ermənistan müstəqil ölkə ola bilməyib, uğursuz dövlət (failed state) hesab olunur və bunun əsas səbəbi də qonşularına münasibətdə düşmənçilik siyasəti yürütməsindədir".
M.Əhmədzadə erməni səfirin Azərbaycanla bağlı sayıqlamalarının kökündə paxıllıq hissindən başqa heç nəyin dayanmadığını və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi mühüm uğurları həzm edə bilmədiyini bildirib.
Azərbaycan diplomatı ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial sahələrə aid bu uğurlar arasında Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirdiyini, ölkəmizin həyata keçirdiyi strateji layihələrin bütün regionun geosiyasi mənzərəsini dəyişdirdiyini, torpaqlarımızın Ermənistanın silahlı qüvvələri tərəfindən törədilmiş ağrılı-acılı və dəhşətli hərbi işğalından azad edildiyini vurğulayıb və Prezident İlham Əliyevin Çernobbio Beynəlxalq Forumunda çıxışındakı fikirlərinə istinad edərək Azərbaycan üçün əsas məsələnin müstəqil bir ölkə kimi özünü xarici amillərdən müdafiə etmək olduğunu, çünki ölkəmizin daxilən artıq inteqrasiya etdiyini və daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyin olduğunu deyib.
Erməni səfirin Qarabağ məsələsinin Azərbaycan üçün torpaq, erməni tərəfi üçün isə orada yaşayan insanlarla bağlı problem olduğu kimi iddialarına, vaxtilə işğal olunmuş ətraf rayonları "təhlükəsizlik buferi" adlandırmasına münasibətdə Azərbaycan diplomatı bildirib:
"Artıq Qarabağ məsələsi deyilən bir problem yoxdur, çünki Azərbaycan BMT-nin qətnamələri əsasında bu problemi həll edib. Qarabağ və işğaldan azad edilmiş bütün digər ərazilər Azərbaycanın tarixi əraziləridir və ölkəmizə məxsusdur. Bu ərazilərin azad edilməsi bizim üçün həm də mənəvi məsələ idi.
Çünki bu ərazilər Ermənistanın səkkiz yüz minə yaxın azərbaycanlını oradan qovduğu, 30 ildir azərbaycanlıların öz əcdadlarının məzarlarını ziyarət etmək və orada yenidən yaşamaq üçün geri dönmələrini gözlədikləri ərazilərdir. Bu, Ermənistanın işğalı zamanı Azərbaycan xalqının bütün izlərini silməyə çalışdığı və Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunələrinin, o cümlədən ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin yerləşdiyi ərazilərdir.
Erməni səfirinin “təhlükəsizlik buferi” adlandırdığı uğursuz əsaslandırması isə onun ölkəsinin Azərbaycana qarşı uzunmüddətli hərbi təcavüzünü etiraf etməsindən başqa bir şey deyil".
Azərbaycan diplomatı məktubuna bu fikirlərlə davam edib:
"Erməni səfirinin enerji mövzusu ilə bağlı sayıqlamaları isə natamamlıq kompleksinin daha bir təzahürüdür və bunun xüsusi şərhə ehtiyacı yoxdur. Sadəcə olaraq qeyd etmək istərdim ki, enerji mövzusunun Ermənistanla Azərbaycan arasındakı məsələ ilə heç bir əlaqəsi yoxdur. Mənim ölkəm uzun müddətdir ki, Avropanın karbohidrogenlərin tədarükçüsü olaraq etibarlı tərəfdaşıdır və bu, Ermənistanın ərazilərimizi işğal etdiyi uzun illər ərzində də belə olub, həmin vaxtlarda heç kim Ermənistanı silahlı qüvvələrini bizim ərazilərdən çıxarmağa məcbur etməyib".
Son günlərdə dövlət sərhədi boyunca baş verənləri erməni səfirinin təhrif edilmiş şəkildə təqdim etməsinə münasibətdə Azərbaycan diplomatı bildirib:
"Səfirin bu günlərdə baş verən hadisələrlə bağlı fantaziyalarına gəlincə, qeyd etmək istərdim ki, baş verənlərin kökündə Azərbaycanın Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədində növbəti bir irimiqyaslı hücumunun qurbanı olması faktı dayanır. Azərbaycan Silahlı Qüvvələri erməni təxribatını qətiyyətlə dəf etdi. Bu təxribat iki ölkə arasında normallaşma prosesinə ağır zərbədir.
Bunun üçün bütün məsuliyyət 2020-ci il Üçtərəfli Bəyanatının imzalanmasından sonra da ölkəmə qarşı ərazi iddiaları irəli sürməkdə davam edən və Azərbaycan ərazilərinə mina yerləşdirməklə mülki insanların ölümünə səbəb olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Təsadüfi deyil ki, Ermənistanın son təxribatları iki ölkə arasında münasibətlərin normallaşması üçün danışıqlara başlanılması barədə razılıq əldə olunduğu Brüssel görüşündən iki həftə sonra baş verdi.
Heç kimə sirr deyil ki, Ermənistanın bu təxribatları törətməkdə məqsədi sülh danışıqlarından qaçmaq üçün bəhanə tapmaq, habelə məsələyə üçüncü tərəfləri cəlb etmək və gərginlik coğrafiyasını genişləndirmək olub".
M.Əhmədzadə təxminən 30 ildir hərbi təcavüzdən əziyyət çəkən, bu gün işğaldan azad edilmiş ərazilərdə əsaslı yenidənqurma işlərinə böyük sərmayələr yatıran ölkəmizin sülh istədiyini və sülh gündəliyi ilə çıxış etdiyini bildirərək vurğulayıb:
"Biz dəfələrlə qarşı tərəfi qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün tanınması, beynəlxalq sərhədlərin toxunulmazlığı, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiyaların açılması da daxil olmaqla beş əsas prinsip əsasında sülh müqaviləsi imzalamağa dəvət etmişik. Amma Ermənistan normallaşma prosesini ləngidir, revanşist iddialarını davam etdirir, eyni zamanda, özünü yenidən qurban kimi təqdim edərək beynəlxalq ictimaiyyəti dezinformasiyasının tələsinə salmağa çalışır".
Azərbaycan diplomatı məktubunda son günlər baş verənlərə münasibətdə obyektiv mövqe tutan, faktları olduğu kimi təqdim edən İtaliyanın kütləvi informasiya vasitələrinə, habelə erməni təbliğatına inanmayan, öz mövqeyində obyektivliyi qoruyub saxlayan və Azərbaycanla Ermənistanı sülh müqaviləsini tezliklə imzalanmaq üçün danışıqlara dəvət edən İtaliya siyasi dairələrinin nümayəndələrinə təşəkkürünü bildirib.
Azərbaycan diplomatı məktubunu erməni səfirinə ünvanlanan bu fikirlərlə tamamlayıb:
"Mən həmkarımı qarşıdakı müsahibələrində daha peşəkar davranmağa, İtaliya ictimaiyyətini dezinformasiya ilə yormamağa və diqqəti müharibənin qızışdırılmasına deyil, ölkələrimiz arasında sülh gündəliyinə yönəltməyə dəvət edirəm." (Report.az)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:08 / 20.09.2022
İtaliyadakı səfirimiz erməni deputatı yerində oturtdu
Hazırda oxunan: İtaliyadakı səfirimiz erməni deputatı yerində oturtdu
Hazırda oxunan: İtaliyadakı səfirimiz erməni deputatı yerində oturtdu
94821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.