Azərbaycan Fransaya NOTA VERDİ

Hazırda oxunan: Azərbaycan Fransaya NOTA VERDİ

94620

Bu gün Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

Bu barədə Bizim.Media-ya XİN-in Mətbuat Xidməti İdarəsindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki, görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. 

Görüşdə AR xarici işlər nazirinin müavini Xələf Xələfov Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycanın Parisdəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib. 

Nazir müavini Xələf Xələfov tərəfindən radikal erməni qruplarının bu hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etiraz bildirilib.

Eyni zamanda, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyinin Fransa tərəfindən yerinə yetirilməməsinə görə dərin təəssüf ifadə edilib. 

Həmçinin, diplomatik nümayəndəliyə və onun heyətinə təhlükə yaradan vandalizm aktının Fransanın hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsinin təmin olunması tələb edilib. 
Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin