“Ermənistan danışıqları yubatsa, Azərbaycanın başqa yolu qalmayacaq” – MÜNAQİŞƏ ANONSU  

Hazırda oxunan: “Ermənistan danışıqları yubatsa, Azərbaycanın başqa yolu qalmayacaq” – MÜNAQİŞƏ ANONSU  

94619

“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb. Bu cür görüş fürsətindən istifadə etməmək qəribə olardı. Çünki sentyabrın sonuna (Son Brüssel görüşündəki razılaşmaya əsasən, Azərbaycan və Ermənistan XİN başçıları 1 ay müddətində görüşərək, sülh müqaviləsi üzrə danışıqlara start verməlidir – red.) 11 gün qalıb”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin sədri, politoloq Fərhad Məmmədov “facebook” hesabında yazıb.  
 

MÖVZU İLƏ BAĞLI:

“BMT Təhlükəsizlik Şurasında bu ölkələr əleyhimizə səs verəcək” – Fərhad Məmmədovun PROQNOZU


Belə ki, BMT Baş Assambleyasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mümkün görüşü ilə bağlı fikirlərini bölüşən politoloq qeyd edib ki, Rusiya xarici işlər naziri Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken də tədbirdə iştirak edəcəklər:  

“Görüş faktını hələlik yalnız Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri təsdiq edib. Azərbaycan tərəfdən Ermənistanın sərhəddə təxribat törətməsindən sonra bu məsələdə hər hansı açıqlama verilməyib. Brüssel görüşündən sonra məlum oldu ki, sülh müqaviləsinin mətni üzrə danışıqlar Bakının təklif etdiyi beş prinsip əsasında aparılacaq. Paşinyan da açıqlamasında məhz buna eyham vurub.  

Bununla belə, Ermənistanın mövqeyi qeyri-sabitliyi ilə səciyyələnir. Üstəlik, ABŞ-ın fəaliyyəti bu cür qeyri-sabitliyi daha da inkişaf etdirir. Bu gün ABŞ-ın mövqeyi ilə bağlı eşitdiyimiz hər şey ATƏT-in mövcud olmayan Minsk qrupunun köhnəlmiş mövqeyi ilə eynilik təşkil edir.  

ABŞ-ın mövqeyi hələ də “status” mövzusunun nəzəri cəhətdən müzakirəsinə əsaslanır. Bu, demək olar ki, Azərbaycan üçün Qarabağ mövzusunu Ermənistanla danışıqlar gündəmindən çıxarmaq üçün yeganə maneədir”.  

Politoloqun fikrincə, sərhəddəki son eskalasiyanın nəticələri Azərbaycanın Amerika istiqamətində də mövqelərini gücləndirib:  

“Azərbaycanın mövqeyi bu cürdür: “Əgər Paşinyana kömək etmək istəyirsinizsə, onu sülh müqaviləsi imzalamağa inandırın”.  

Paşinyana bunu rusca və fransızca başa saldılar, indi isə bunu amerikan ingiliscəsi ilə izah etmək qalır. Ola bilsin ki, Amerikanın fəaliyyətinin yaratdığı başgicəllənməyə görə Ermənistan rəhbərliyi “status” mövzusunun canlandırılmasına gedəcək və ya Azərbaycanın mövqeyini dəyişmək üçün ilkin şərt irəli sürəcək. Lakin bu, danışıqların pozulmasına gətirib çıxaracaq”.  

Fərhad Məmmədov qeyd edib ki, danışıqlar prosesi İrəvanın dəyişkən mövqe sərgiləməsi səbəbindən öz konstruktiv potensialını itirib:  

“İndi Ermənistan normallaşma prosesini yubatmaq üçün himayədarlarının dəstəyini alsa, Azərbaycanın başqa yolu qalmayacaq. Ermənistan rəhbərliyinin xarici siyasət sahəsində son “akrobatik” hərəkətləri regiondakı rəqiblər arasında açıq münaqişəyə səbəb ola bilər. Maraqların toqquşması zamanı Azərbaycanın məqsədi onu Ermənistan daxilində lokallaşdırmaq və prioritetlərin sırasını dəyişmədən öz gündəliyi əsasında problemləri həll etmək olacaq”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin