Dünya günü-gündən dəyişir, özü ilə birlikdə siyasəti də ardınca aparır. Daha doğrusu, tam əksinə siyasət bu dəyişikliklər qatarının lokomotivi kimi çıxış edir. Lakin dünya siyasətində uzun illər davam edən durğunluq Ukraynada savaşın başlaması ilə radikal transformasiyaya uğramağa başladı. Azərbaycan üçün də bu vəziyyətə ayaq uydurmaq digər ölkələr kimi mühüm əhəmiyyət kəsb edir.
Əslinə qalsa, bizim üçün radikal dəyişikliklər 2 il bundan öncə, elə təqribən bu günlərdə başladı. 44 günlük müharibənin startı ilə Cənubi Qafqaz tarixinin yeni mərhələsinə qədəm qoydu.
Elə diplomatiyamız da
Həmin vaxtdan etibarən Azərbaycan diplomatiyasının da yeni çağırışlar qarşısında uğurla ayaqda qalması üçün inkişaf etməyə dərin ehtiyacı yarandı. Çünki əvvəlki dövr 30 illik danışıqlar zamanı idi,düşmənimiz Ermənistan isə özünü qalib kimi aparırdı.
Lakin 2 il bundan öncə fələyin çarxı ermənilər üçün tərsinə dönməyə başladı. Bütün dünyaya ayaq açmış ermənilər revanşizm vəbasının qurbanına çevrildilər. Azərbaycanlılara, diplomatlarımıza, hətta səfirliklərimizə hücumlar başladı.
Dünən də bu cür olaylardan birinə şahidlik etdik. Özü də “demokratiyanın beşiyi”, hələ 18-ci əsrin sonunda dünyaya respublikaçılıq dalğasını gətirən Fransada, erməni diasporunun “ana” yurdunda.
Təbii ki, bu hadisədə günahkar da bəllidir, səbəbkar da, lakin cinayət və onun cəzasından yox, bir qədər də diplomatlarımızın fəallığından danışaq.
Etiraf edək, bəzən xarici ölkələrdəki səfirlərimizi haqlı və ya haqsız tənqid edir, işlərinin öhdəsindən layiqincə gəlmələlərindən söhbət açırıq. İnsafən, bir qədər yuxarıda qeyd etdiyimiz kimi, 44 günlük müharibənin başlaması ilə qarşılarına qoyulan mühüm vəzifələr qarşısında diplomatlarımız heç də passiv qalmayıblar.
Onlar dəyişən siyasətə yaxşı ayaq uydurub, qalib dövlətin təmsilçiləri kimi ordumuzdan təhvil aldıqları estafeti diplomatiya müstəvisində davam etdiriblər.
Toqquşan maraqlar, artan tələblər...
Elə Fransadakı son təxribatdan sonra, bu ölkədəki səfirimiz Rəhman Mustafayevin açıqlamaları da bu fikirlərimizə əyani nümunə oldu.
Diplomatımız sosial şəbəkə hesabından, birbaşa Fransa Prezidenti Emmanuel Makronu haqlı olaraq əsas günahkar kimi təqdim etməkdən çəkinmədi:
“Qoy barbar ermənilər Emmanuel Makronun tərəfində qalsınlar. Səfirlikləri qorumayan və bizim təhlükəsizliklə bağlı haqlı tələblərimizi qulaqardına vuran Fransaya ayıb olsun”.
Yaxud digər uğurlu nümunə kimi ABŞ-dakı səfirimiz Xəzər İbrahimdən də bəhs edə bilərik. Belə ki, diplomatımız Ermənistana gəlib reytinq və maddiyyat üçün timsah göz yaşları axıdan Pelosini ən sərt formada tənqid etdi.
Adlarını çəkdiyimiz və çəkmədiyimiz əksər diplomatlarımız sosial şəbəkələrdəki fəallıqları, siyasi-elmi konfranslarda, mühazirələrdə çıxışları, soydaşlarımızla görüşləri, qatıldıqları kampaniyalar və daha başqa yollarla təbliğat işini uğurla aparır, dövlətimizin maraqlarını vətəndən uzaqda qorumaq üçün əllərindən gələni edirlər.
Günümüzdə diplomatlardan tələb olunanlarda elə bu cür aktivlik, mobillik nümayiş etdirməkdir. Və ötən illərlə müqayisədə onlar bunun öhdəsindən uğurla gəlirlər.
Bu gün isə regionumuzda artan gərginlik, toqquşan maraqlar fonunda diplomatlarımız daha bir sınaq qarşısındadırlar.
Yad ellərdə dövlətimizin maraqları uğrunda layiqincə savaşan bütün nümayəndələrimizə fəaliyyətlərində uğurla diləyirik.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:05 / 19.09.2022
Dünya siyasətində YENİ DÖNƏM – Diplomatlarımız müasir çağırışlara cavab verirmi?
Hazırda oxunan: Dünya siyasətində YENİ DÖNƏM – Diplomatlarımız müasir çağırışlara cavab verirmi?
Hazırda oxunan: Dünya siyasətində YENİ DÖNƏM – Diplomatlarımız müasir çağırışlara cavab verirmi?
94536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.