Çin rəhbərinin Azərbaycan Prezidenti ilə görüşündə verdiyi MESAJ - TƏHLİL

Hazırda oxunan: Çin rəhbərinin Azərbaycan Prezidenti ilə görüşündə verdiyi MESAJ - TƏHLİL

94180

Diqqətlər Səmərqəndə yönəlib. İki gündür ki, bu qədim türk şəhərində 13 dövlət başçısı regional məsələlərin ciddi müzakirəsini aparır. Maraqlıdır ki, bu sammitdə Azərbaycan Prezidentinə xüsusi diqqət var.

Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin sammit çərçivəsində ilk rəsmi görüşü prezident İlham Əliyevlə keçirib.

Yüksək səviyyədə keçən görüşdə Çin lideri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.   
 

MÖVZU İLƏ BAĞLI:

Çin liderindən Azərbaycana DƏSTƏK: "Dövlətlərin işlərinə qarışmamaq vacibdir"


Çin liderinin Azərbaycana qarşı bu diqqəti təsadüfi deyil. Çünki, Çinin iqtisadi sıçrayış yolunda bir neçə layihəsi var ki, onların reallaşmasında Azərbaycan əvəzsiz oyunçudur. Belə ki, həm “Orta dəhliz”, həm də “Bir kəmər, bir yol” layihələri birbaşa Azərbaycan üzərindən keçir. 44 günlük müharibədən sonra Zəngəzur dəhlizinin gündəmə gəlməsi isə Azərbaycanı digər dövlətlər kimi Çin üçün də daha cəlbedici edib. 

Ona görə də Si Cinpin Səmərqənd sammitində Zəngəzur dəhlizi üzərində dayanmağı daha məqsədəuyğun hesab edir. Çünki, bu dəhliz Avropa ilə Asiya arasında ən səmərəli və qısa yoldur. Bu dəhlizin fəaliyyətə başlaması ilə Avropa ilə Asiya arasında yükdaşımaların vaxtı ən azı iki dəfə azalacaq. Üstəlik, daşınma xərclərinə xeyli miqdarda qənaət ediləcək. 

Əslinə baxsan Səmərqənd sammitində Zəngəzur dəhlizi prioritetdir. Həm ŞƏT-ə üzv dövlətlər, həm də tərəfdaş ölkələr Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. Çünki, bu dəhliz həm də Yaxın Şərqə ən qısa və rahat yoldur.

Bəzi ölkələrin İranla olan soyuq münasibəti hesabına Şimaldan Cənuba yükdaşımaları istənilən səviyyədə deyil. Amma Azərbaycan regionda ən stabil və mehriban qonşuluq siyasəti yürüdən ölkədir.

Zəngəzur dəhlizi əks qütblərdə dayanan İsrail, Çin, Pakistan, Rusiya, Qazaxıstan, Orta Asiya ölkələri, Türkiyə, Aİ və hətta İran üçün əlavə nəfəslikdir. Ona görə də Çin rəhbərliyinin ilk olaraq Azərbaycan lideri ilə görüşməsi çox böyük mətləblərdən xəbər verir.
Nəzərə alaq ki, indiki həssas məqamda Çinin Azərbaycana qarşı isti münasibəti çox vacibdir. Çünki, Fransanın təşəbbüsü ilə BMT-nin müzakirəsinə Azərbaycanla Ermənistan sərhəddində baş verən hadisələr çıxarılıb. Nəzərə alaq ki, Səmərqənd sammitində iştirak edən Çin və Rusiya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. 

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı ölkəmizin ərazi bütövlüyünə hörmətinin ifadəsi və dövlətlərin daxili işlərinə qarışmağın doğru olmadığını deməsi, konkret ünvanlı mesaj və dövlətimizin yürütdüyü xarici siyasətə dəstəyin nümayişi idi.

Bu isə o deməkdir ki, Fransanın ermənipərəst təşəbbüsləri əsaslandırılmış deyil, birtərəfli mövqedir və elə başdan fiaskoya uğrayacaq.

Surxay Atakişiyev, Bizim.Media


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin