Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.
Bizim.Media xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. Hazırda Sammitin geniş tərkibdə iclası keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Qeyd edək ki, təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu fəaliyyət göstərir.
Bizim.Media