Ermənistan baş naziri Nikol Paşinyanın sentyabrın 14-də parlamentdə çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanda geniş müzakirələr, İrəvanda isə toqquşmalara səbəb olub.
Paşinyan deyib:
“Biz elə bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində bizi tənqid edəcəklər, danlayacaqlar, satqın deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmağa qərar verə bilər. Bunun nəticəsində Ermənistan 29.800 km2 sahədə davamlı sülh və təhlükəsizlik əldə edəcək. Bunu təmin edəcək sənədi mən imzalayacağam. Mənə bundan sonra nə baş verəcəyi deyil, Ermənistan Respublikasına nə olacağı maraqlıdır”.
Əvvəla onu qeyd edək ki, bu açıqlamada Ermənistan ərazisindən bəhs edilməsi, Paşinyanın nəzərdə tutduğu sənədin qarşılıqlı suverenliyin tanınması ilə bağlı olması ehtimalını gündəmə gətirir. İndiki situasiyanı nəzərə alsaq bu başadüşüləndir.
Çünki faktiki olaraq ölkələr bir-birlərinin ərazi bütövlüyünü tanımırlar, ona görə də İrəvanın “Azərbaycanın müdaxiləsi” iddiaları beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmir.
Lakin diqqət çəkən digər məqamlar da var. Belə ki, Paşinyan öz xalqına və kütlə psixologiyasına yaxından bələd olan şəxsdir. Ən azı özü də meydanlardan hakimiyyətə gəlib. Bu faktı nəzərə alsaq Paşinyanın sözügedən açıqlamasının ermənilərin küçələrə daraşmasına səbəb olacağını bilməməsi mümkün deyildi.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda etirazçılar parlamentə daxil olmağa çalışırlar - VİDEO
Bu çıxışın üzərindən 3 saat keçmədi ki, Nikol rəsmi feyzbuk hesabından dediklərini inkar etdi və heç bir sənədin imzalanmayacağını bildirdi.
Bəs, Nikol baş verəcəkləri bilə-bilə nə üçün bu cür açıqlamalar verdi?
Ən böyük ehtimal Paşinyanın naəlac vəziyyətdə olmasından irəli gələ bilər. Təxmin etmək olar ki, Paşinyan artıq diplomatik kanallar vasitəsilə ərazi bütövlüyünün tanınmasına razılıq verib və sadəcə bunu parlamentdən elan etməklə nəbz yoxlamağa çalışırdı. Görünür, Nikol saatlar ərzində daxili arenada təzyiqlərin iqtidarı üçün təhlükəli həddə gələ biləcəyini hiss edib. Ona görə də, daxili auditoriyanın diqqətini yayındırmaq üçün öz dediklərini sosial şəbəkələrdən inkar etmək variantını seçib.
Digər tərəfdən Paşinyanın xarici güclər qarşısında ikili oynamaq imkanları da hal-hazırda xeyli məhduddur.
İrəvan rəsmilərinin bütün zəngləri, çağırışları nəticəsiz qalıb və baş verən toqquşmalarda beynəlxalq ictimaiyyət Azərbaycanı günahkar hesab etmir. Belə olan halda Nikol ikili oyun taktikasını daxili auditoriya üçün oynamağa məcburdur.
Üçüncü ehtimal isə Paşinyanın “sənədə imza atacağıq” açıqlaması ilə vaxt udmağa çalışması yönündədir. Bu zaman çərçivəsində Nikol erməni toplumunu mümkün razılaşmalar yönündə razı salmağa, ya da ən azı manipulyasiya etməyə fürsət tapacaq.
Digər tərəfdən Nikol Rusiyanın da bu məsələdə tamamən qarşısında mövqe tutduğunu aydın görür. Əks təqdirdə, sülhməramlıları Qarabağa 10 noyabr müqaviləsinin üzərindəki imzalar qurumamış göndərə bilən Moskva, iki KTMT nümayəndəsini çoxdan bölgəyə yetişdirərdi.
Səbəbdən asılı olmayaraq vəziyyətin bu həddə gəlməsində günah Paşinyanın özündədir.
Ermənistan lideri, yəqindir ki, növbəti təxribat əmrini verməklə əlini gücləndirməyə çalışırdı və Azərbaycanın səbr kasasının daşacağını gözləmirdi. Lakin Nikolun planı puça çıxdı və Azərbaycan Ordusu sərhədboyu bütün təhdid ünsürlərini məhv etdi.
İndiki durumda Paşinyanın vəziyyəti 2020-ci ilin 9 noyabrını xatırladır. O, çətin seçim qarşısındadır, ya pis ya da daha pis variantını seçməlidir. Lakin istənilən variantda nəticə qaçılmazdır. Paşinyan ərazi bütövlüyünün qarşılıqlı tanınmasına da, sülh gündəliyinin digər müddəalarına da razılıq verəcək.
Murad Əhmədov, Bizim.Media