Danışıqlar niyə həmişə son mərhələdə POZULUR? - TƏHLİL

Hazırda oxunan: Danışıqlar niyə həmişə son mərhələdə POZULUR? - TƏHLİL

93004

Avqustun 31-də Brüsseldə baş tutan məlum üçtərəfli görüşdən sonra təmas xəttində atəşkəsin pozulması davamlı şəkil alıb. Bu da ortaya müəyyən suallar çıxarır. Ümumiyyətlə, son 30 ildə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar mərhələsində irəliləyiş olduğu anda ortaya müxtəlif təxribatlar çıxıb.

Son 2 ildə də belədir. Ötən ilin yayında iki ölkə arasında aparılan demarkasiya və delmitasiya proseslərinin ən məsul dövründə təmas xəttində intensiv atışmalar başladı. Nəticədə, həmin proses dayandırıldı. 
Sülh sazişinin imzalanmasına güclü vəsilə olacaq Brüssel görüşündən həmən sonra atəşkəsin pozulması halları artıb. 

Bəs, atəşkəsi kimlər pozur və məqsədləri nədir?

Nikol Paşinyan 4 ildən artıq bir müddətdə Ermənistana başçılıq etsə də bəzi qüvvələr onu hələ də qəbul etmir. Onlardan biri də erməni generalitetidir.

Təsadüfi deyil ki, 44 günlük müharibədə və ondan sonrakı dövrlərdə erməni generallar nəinki Nikol Paşinyan, eləcə də onun xanımı Anna haqqında müxtəlif təhqiramiz fikirlər səsləndirib. Və bu gün də erməni generalitet Paşinyan hakimiyyətini qəbul etmək istəmir.

Bunu Nikol da yaxşı bilir. Məhz bu səbəbə görə Baş nazir ən yaxın dostu Suren Papikyanı Müdafiə naziri təyin etdi. Son təyinata qədər biznes fəaliyyəti ilə məşğul olan birisinin Müdafiə naziri təyin edilməsi generaliteti daha da qəzəbləndirdi.
15 noyabr 2021-ci ildən nazir olan Papikyan hələ də dikbaş generalları ram edə bilməyib. Ona görə də davamlı olaraq generalitet bu və ya digər şəkildə Paşinyanın siyasətinə əngəl törədir. 

Avqustun 31-də Brüsseldə əldə edilmiş razılıq, ən əsası sülh sazişinin bir ay müddətində hazırlanması məsələsi erməni genaraliteti bərk qəzəbləndirib. Ona görə də görüş başa çatan və nəticələr elan olunan kimi yenidən təmas xəttində atəşkəs pozuldu. Və artıq 10 gündür ki, günün müxtəlif saatlarında və müxtəlif istiqamətlərdə davamlı olaraq atəşkəs pozulur. Bununla da ordudakı narazı qüvvələr qərarlarını icra etməkdə Paşinyana əngəl olmağa çalışırlar. Müəyyən mənada da buna nail olurlar.

Görünən odur ki, Paşinyan hərbi müxalifəti hələki, ram edə bilməyib. Çünki genralitetin generalı İrəvanda deyil, Moskvada əyləşib.

Məsələni İrəvan deyil, Kreml həll edir.

Millət vəkili, politoloq Sahib Əliyev öz statusunda yazır ki, Brüssel görüşündən dərhal sonra Azərbaycanla sülh anlaşmasına hazır olduqlarını və bunun üçün qətiyyət göstərmək lazım gələcəyini deyən Ermənistan baş naziri Nikol Paşinyanın Vladivostokda başqa şeylər sərsəmləməsi təkcə onun özü haqda qeyri-ciddi adam imici yaratmır.

Paşinyan bu açıqlamasıyla əslində göstərməyə çalışır ki, Ermənistan sülhə hazırdır,  ancaq Rusiya qoymur.  Çünki məhz Rusiyanın dövlət başçısı Vladimir Putinlə  görüşdən sonra  o, cənab İlham Əliyevlə razılığa gəlmədiklərini açıqladı:

“Xatırladım ki, Vladivostokdakı forumda  etdiyi çıxışında Ermənistan baş naziri ölkəsinin Türkiyə ilə əlaqələrinin normallaşmasında da Rusiyadan kömək istəmişdi. Maraqlıdır deyilmi, Türkiyə ən yüksək səviyyədə Ermənistanla əlaqələri yoluna qoymağa hazır olduğunu bildirir və bu yöndə əməli addımlar da atır. Qarşı tərəf də belə bir istəyinin olduğunu deyir. 

Sual olunur, bəs  onda burada Rusiyanın yardımına nə ehtiyac var?

Beləliklə, aydın görünür ki, Paşinyan bu çıxışıyla ölkəsinin Türkiyə ilə əlaqələrinin normallaşmasının məhz Rusiyanın qarşısını kəsdiyini göstərməyə çalışırdı. Onun Rusiyadan Türkiyə ilə əlaqələrin normallaşmasına yardım istəyinin diplomatik dildən tərcüməsi bu idi ki, buna maneçilik törətmə. 

Və öncə də bildirmişdim, tamamilə mümkündür ki, belə bir xahişi dilə gətirməsi ona diqtə edilmişdi. Görünür, bir gecədə Avropa Birliyi ilə Assosiasiya anlaşmasından imtina edən Serj Sərkisyanla 2013-cü ildə hansı dildə danışılmışdısa, Vladivostokda da Paşinyanla o dildə danışılıb. 
İndi o da Rusiyanın uzaq şərqindən qərbdəki yaxınlarına çatdırlr ki, Ermənistan forpostudur, onun Azərbaycanla sülh anlaşması bağlayıb-bağlamayacağını, Türkiyə ilə əlaqələri normallaşdırıb-normallaşdırmayacağını rəsmi İrəvan yox, Kreml həll edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin