“Ermənistan dəhlizlə bağlı yekun qərar verməsə...” - Fərhad Məmmədovdan son vəziyyətin ŞƏRHİ

Hazırda oxunan: “Ermənistan dəhlizlə bağlı yekun qərar verməsə...” - Fərhad Məmmədovdan son vəziyyətin ŞƏRHİ

92975

Sentyabrın 9-da Vladivostokda Ermənistan baş naziri Nikol Paşinyanın erməni icması ilə görüşdə Azərbaycanla sülh prosesi mövzusunda bir sıra fikirlər səsləndirib. Belə ki, Paşinyan delimitasiya prosesində Azərbaycanın 1921, 1923, 1969 və ya 1975-ci ilin xəritələrini təklif etdiyini, İrəvanın isə prosesin hüquqi qüvvədə olan sənədlər vasitəsilə həyata keçirilməsini istədiyini bildirib.

Paşinyan eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı da cəfəng fikirlər səsləndirib. Ermənistan lideri Zəngəzurdan keçəcək dəhlizin olmadığını və bunun sadəcə yol olduğunu ifadə edib.

Bəs, Paşinyanın sülh prosesinə maneə törədəcək bu tip açıqlamaları nəyə hesablanıb?
 

MÖVZU İLƏ BAĞLI:

Fərhad Məmmədov: “Laçından yan keçən yeni yolda "Xoş gəlmisiniz!" plakatı olmamalıdır”


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov qeyd edib ki, Paşinyan Vladivostokda Brüssel müzakirələri və Rusiya prezidenti ilə görüşdən sonra öz mövqeyini ifadə edib:

“Bu mövqenin indi səsləndirilməsi bir qədər anormaldır. Çünki delimitasiya komissiyası artıq fəaliyyətə başlayıb. Metodoloji bazanı, hansı xəritələrin istifadə olunacağını, konkret məsələlərə bağlı ölkələrin mövqeyini komissiya müəyyən etməlidir. Ona görə də Azərbaycanın təklifinin Ermənistan baş naziri tərəfindən səsləndirilməsi anormaldır. 
Azərbaycan hələlik hansı xəritələrdən istifadə olunacağı ilə bağlı rəsmi açıqlama verməyib. Bu məsələ danışıqların bir parçasıdır. Danışıqlarda müzakirə olunan məsələlərin ictimaiyyətə açıq şəkildə elan olunmasının doğruluğu da mübahisəlidir”.

Politoloqun fikrincə, Paşinyan bu açıqlamaları ilə erməni cəmiyyətinə və digərlərinə Azərbaycanın və özünün mövqeyini sərgiləməklə, rəsmi Bakının təzyiqlərinə müqavimət göstərə bilmədiyini nümayiş etdirir:

“Ona görə də Nikol sülh müqaviləsi nümunəsini də göstərdi ki, Ermənistan nə qədər Qarabağda status məsələsini gündəmə gətirsə də, Azərbaycan bunu inkar etdi və proses rəsmi Bakının təqdim etdiyi beş prinsip əsasında gedir. Bu səbəbdən, Paşinyan öz açıqlamaları ilə Ermənistanda anlayışla qarşılanmağa çalışır, digər tərəfdən isə kömək istəyir”.

Fərhad Məmmədov Ermənistan baş nazirinin nitqində Zəngəzurdan keçəcək kommunikasiya xətləri ilə bağlı “dəhliz” və ya “yol” ifadələrindən istifadə etməsi məsələsinə də münasibət bildirib:

“Dəhliz ifadəsindən istifadə olunmasında təhlükəli hər hansı məqam yoxdur. Çünki Azərbaycanın özü də bir neçə dəhlizin iştirakçısıdır. Burada eksteretoriallıq (maneəsiz keçid) məsələsi var ki, İrəvan həmin mənanı dəhliz anlayışına daxil edir.
Paşinyanın “ümumi razılıq verilib, bəzi məsələlər qalıb” açıqlaması da o deməkdir ki, artıq razılıq verilib, yalnız qərar vermək qalır. Qərar verilməyənə qədər isə Azərbaycan-Ermənistan münasibətlərinə daxil olan bütün mövzularda eskalasiya imkanından istifadə etməyimiz mümkündür”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin