ATƏT-in alternativini yaratmaq kimin planıdır? – Minsk Qrupu da tarixin səhnəsindən silinir

Hazırda oxunan: ATƏT-in alternativini yaratmaq kimin planıdır? – Minsk Qrupu da tarixin səhnəsindən silinir

92554

Son zamanlar bir sıra Qərb siyasətçiləri tərəfindən Avropada ATƏT-ə alternativ bir qurumun yaradılması ideyası ortaya atılıb.

Oktyabrın 6-da Praqada Avropa İttifaqının (Aİ) qeyri-rəsmi sammiti keçiriləcək. 

Məlumata görə, sammitdə Avropa Siyasi İttifaqının - qitə təhlükəsizliyi məsələləri ilə məşğul olacaq yeni qurumun yaradılması gözlənilir.

Belə bir ideya Fransa Prezidenti Makron tərəfindən irəli sürülüb və Aİ Şurasının rəhbəri Şarl Mişel tərəfindən dəstəklənib. Makron və Mişel kimi liderlər hesab edir ki, ATƏT öz üzərinə düşən missiyanı yerinə yetirə bilmir və artıq nüfuzunu itirib.
Ona görə yeni qurumla təşəbbüsü ələ almağa çalışırlar. Əslində bu gözlənilən idi. ATƏT-in öz missiyasını yerinə yetirə bilməməsi özünü elə Minsk qrupunun fəaliyyəti fonunda da göstərib.

Belə ki, 1992-ci ildə yaranan Minsk qrupu 28 il ərzində Qarabağ probleminin həllində heç bir nəticəyə nail olmayıb. Həmin problem yalnız Azərbaycan dövləti və Ordusunun fəaliyyətinin nəticəsi olaraq öz həllini nəhayət tapıb.  

44 günlük müharibədən sonra isə artıq ATƏT-in Minsk qrupuna ehtiyac qalmayıb. Lakin buna baxmayaraq, ABŞ və Fransa kimi dövlətlər uğursuz şəkildə yenidən həmin qurumu dirçəlmək cəhdlərində bulunurlar. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, dünya 11 sentyabrdan sonra dəyişdiyi kimi, 24 fevraldan sonra da dəyişməyə və fərqli təhlükəsizlik arxitekturasının yaranmasına məhkumdur:

“ATƏT-in Minsk qrupu 30 illik fəaliyyəti ilə nəinki Qarabağ münaqişənin həllinə nail olmadı, əksinə, onu daha da mürəkkəbləşdirdi. Onların fəaliyyətinin səmərəlilik əmsalı sıfıra bərabər olub. Bu münaqişəni Azərbaycan Ordusu həll etdi.
Bu mənada ATƏT tərəfindən yaradılan Minsk qrupunun artıq öldüyünü deyə bilərik. Onu öldürənlər də əslində həmsədrlərin özləridir. Bunun özü də ATƏT-in üzərinə düşən missiyanı yerinə yetirmədiyinin göstəricisidir. Hazırda ABŞ və Fransa bir tərəfdə, Rusiya isə digər tərəfdə bir-birinə düşmən gözü ilə baxır”. 

Bu səbəbdən həmsöhbətimiz hesab edir ki, əslində ATƏT-də olan konfrantasiyanı həll etmək üçün başqa bir alternativ quruma ehtiyac var:  

“Azərbaycana gəldikdə, ölkəmiz üçün postmünaqişə dövrü məsələlərinin həllilə bağlı yeni mexanizmlərə ehtiyac yoxdur. ATƏT-ə alternativ qurum yaratmaq ideyası ortaya atılıbsa, hətta Minsk qrupuna alternativin yaradılması ideyası da səslənə bilər. Çünki Minsk qrupunun 3 həmsədr ölkəsi bir yerdə ola bilmir”. 

Deputat qeyd edir ki, 24 fevraldan sonra dünya həqiqətən də dəyişməyə, ATƏT kimi qurumdan fərqli təhlükəsizlik arxitekturasının yaranmasına məhkumdur:

“Azərbaycan Prezidentinin İtaliya səfəri zamanı qeyd etdiyi kimi, hər halda dünya fevralın 24-nə qədərki dünya olmayacaq. Dünya dəyişəcək, yeni təhlükəsizlik sistemləri perimetrlər üzrə inkişaf edəcək.

Bu yeni reallıqda isə hətta bir sıra beynəlxalq qurumların fəaliyyətinə də xitam verilə bilər. Bu nöqteyi-nəzərdən ATƏT də istisna deyil. İndi Qərblə Rusiya arasında konfrantasiya daha da dərinləşib.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa ATƏT-ə alternativ yaradır - Azərbaycan dəvət olunub


Belə olan vəziyyətdə hətta ATƏT-in özünə olan inam və etibar da itmiş olur. Belə vəziyyətdə yeni təhlükəsizlik arxitekturası barədə düşündüyünü Qərb də gizlətmir. Dünya 11 sentyabrdan sonra dəyişdiyi kimi, 24 fevraldan sonra da dəyişməyə və fərqli təhlükəsizlik arxitekturasının yaranmasına məhkumdur.

Amma Qərbin başqa bir təhlükəsizlik arxitekturası yaradıb, Rusiyanın əleyhinə çıxması, regionda növbəti daha ciddi qarşıdurmalara rəvac verəcək. Azərbaycan isə üzləşdiyi problemi özü həll edəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin