Ermənistanın "Vətənin qurtuluşu üzrə Hərəkatı"ndan baş nazir vəzifəsinə namizəd Vazgen Manukyan deyib ki, Ermənistan Ordusunun bərpa olunmasına ən azı 2-3 il vaxt lazımdır.
"Vazgen Manukyanın bu bəyanatına 44 günlük savaşda ermənilərin məğlubiyyəti rakursundan yanaşmaq lazımdır. Müharibə işğal altında olan torpaqların azad olunması ilə nəticələndi."
Bu fikirlər Bizim.Media-da mövzu ilə bağlı danışan politoloq Elşən Manafova aiddir. Politoloq bildirdi ki, münaqişənin bitməsi ilə bağlı Rusiya və Azərbaycan prezidentlərinin bəyanatına rəğmən “etiraf etməliyik ki, Ermənistana qarşı apardığımız hərbi əməliyyatların aktiv fazası arxada qalıb. Siyasi müstəvidə münaqişə isə tam həllini tapmayıb."
MÖVZU İLƏ BAĞLI:
Vazgen Manukyan: “Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyətdir”
“Co Bayden ermənilərlə sıx əməkdaşlıq edən simadır” - Politoloq
Politoloq yanvarın 11-i Moskva görüşündə Paşinyanın Dağlıq Qarabağ ətrafında danışıqlara ehtiyac var və bu müzakirələrin ATƏT-in Minsk qrupunun iştırakı ilə aparılmalı olduğunu dilə gətirməsinə də toxundu. Elşən Manafovun fikrincə, İrəvan məğlubiyyətin əvəzini çıxmaq üçün siyasi müstəvidə manevrlər etmək istəyir.
"Eyni zamanda Paşinyanın məğlubiyyəti Ermənistanda siyasi böhranı dərinləşdirib. Hakimiyyət uğrunda mübarizə aparan müxtəlif siyasi qruplaşmalar böhranın yaratdığı reallıqlardan istifadə etmək istəyir. Manukyanın da bəyanatı siyasi böhranın ölkədaxili reallıqlarından doğan amillərdən irəli gəlir".
"Bununla belə, Vazgenin bu bəyanatı həqiqəti əks etdirmir. Çünki son savaşda Ermənistan ordusuna 3 milyard ABŞ dollarına qədər ziyan dəyib. Həm də Ermənistan taxıla olan ehtiyacının 40%-ni işğal etdiyi torpaqlar hesabına ödəyirdi."
Su resursları və qızıl yataqlarını da önə çəkən politoloq Ermənistan iqtisadiyyatının diz çökdüyünü və buna rəğmən İrəvanın 2-3 ilə ordunu bərpa edib, yeni müharibəyə hazır olacağına inanmağı sadəlövhlük adlandırdı.
"Əlbəttə ki, Ermənistan diaspora, Rusiya və Fransadakı məlum dairələrin dəstəyinə arxalana bilər. Amma bu müddət ərzində ordunu bərpa etmək mümkün deyil. Bu cür bəyanatlar Manukyan kimilərinin hakimiyyəti qəsb etmək, lap seçkilər yolu ilə liderliyə yiyələnmək istəyi ilə bağlıdır. Mənə elə gəlir ki, yaxın müddət ərzində Ermənistan müxalifəti istəyinə çatmayacaq. Çünki Paşinyanı hakimiyyətdə saxlamaq istəyənlər arasında həm müxalifət, həm də iqtidarın sağlam qüvvələri var".
"Digər tərəfdən, Nikolun baş nazir postunda qalmasında Rusiya da maraqlıdır. Buna görə də, Paşinyanı istefaya göndərmək istəyən ruspərəst Qarabağ klanının qarşısında elə Kremlin özü dayanacaq"
Politoloq bunu bölgədə təhlükəsizlik və sabitliyin qorunmasında Moskvanın da maraqlı olması ilə izah etdi.
"Bu səbəbdən də Manukyan kimilərinin bəyanatları siyasi maraqlardan başqa heç bir məna kəsb etmir".
"2-3 ilə yeni savaşın başlanmasına inanmıram, ancaq ABŞ-da Baydenin hakimiyyəti və İrəvana ediləcək dəstəyin arxasında Vaşinqtonun dayanması müharibəni tezləşdirə bilər".
"Əslində isə, Ermənistan üçün ən münasib variant sonuncu Moskva razılaşmasıdır və Naxçıvana dəhlizin açılması İrəvan iqtisadiyyatına da müsbət təsir göstərəcək. Ermənistanda sağlam düşüncəli insanlar varsa, onlar ələ düşən bu şansdan istifadə etməyə borcludurlar"deyə Elşən Manafov məsələyə münasibətini bitirdi.
Anar Rəhimov, Bizim.Media