Dördüncü Brüssel görüşünün konkret nəticəsi nədir? - TƏHLİL

Hazırda oxunan: Dördüncü Brüssel görüşünün konkret nəticəsi nədir? - TƏHLİL

91489

Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Prezidenti Şarl Mişel arasında görüş baş tutub. Sayca dördüncü Brüssel görüşündə sülh gündəliyinin ənənəvi məsələləri müzakirəyə çıxarılsa da, bir sıra istiqamətlərdə yeni nəticələrə əldə olunub.

Belə ki, ötən görüşlərdə olduğu kimi, Şarl Mişel görüşün nəticələrilə bağlı məlumat verib. Bu açıqlamalara istinad edərək, əsas müzakirə mövzularını və nəticələri bu cür sıralaya bilərik:

1. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılıq əldə olundu. Bu istiqamətdə xarici işlər nazirləri mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırılıb.

Əminliklə deyə bilərik ki, bu istiqamətdə əldə olunan irəliləyiş görüşün əsas nailiyyəti hesab edilməlidir. Çünki sülh müqaviləsi məsələsində bu cür konkret müddəa daha əvvəl razılaşdırılmamışdı.

Eyni zamanda müqavilə mətninin hazırlanması üçün dəqiq tarixin göstərilməsini də xüsusi qeyd etməliyik. Çünki ya Ermənistan tərəfi deyilən tarixədək öz öhdəliyini yerinə yetirməli olacaq, ya da Azərbaycan masada və meydanda təzyiq üçün böyük “kozır” əldə edəcək. 
2. Humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyilə bağlı müzakirələr aparıldı.

Azərbaycan tərəfi daim humanitar problemləri diqqətə saxlayıb, bu məsələnin danışıqların predmetinə çevrilməsinə nail olub. Dördüncü Brüssel görüşündə də bu məsələ yenidən masada olub.
 

MÖVZU İLƏ BAĞLI:

Brüsseldə Azərbaycan-Ermənistan arasında yekun bəyanat imzalana bilər


Məlumdur ki, bu məsələdə İrəvan lazımi informasiyaları (mina xəritələri, kütləvi məzarlıqların yeri və s.) Azərbaycana tam şəkildə təhvil vermir. Rəmi Bakı isə bu məsələni daim diqqət mərkəzində saxlamaqla Ermənistan üzərində təzyiq yaratmağa davam edir.

3. Azərbaycan tərəfinin diqqətinə erməni saxlanılanların azad edilməsinin vacibliyi çatdırıldı. Bu məsələ hər nə qədər rəsmi İrəvanın lehinə görünsə də, Mişelin istifadə etdiyi termin vəziyyətin fərqli olduğunu göstərir. Çünki erməni diversantlarıyla bağlı Ermənistan tərəfinin istifadə etdiyi “əsir” ifadəsindən istifadə olunmayıb. Onlar sadəcə “saxlanılan şəxs” kimi təqdim edilib.

4. Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib. Razılığa gəlinib ki, sərhədlərin delimitasiyası üzrə komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin.

Bu isə Brüsselin danışıqlar prosesində rolunun artdığını göstərir. Siyasi ekspertlər və bir sıra rəsmilər tərəfindən Aİ-nin moderatoluğunun yüksək qiymətləndirildiyini nəzərə alsaq, bu razılaşmanı da müsbət məqam hesab etmək olar.

Ümumilikdə isə, dördüncü Brüssel görüşünün danışıqlar prosesində yeni səhifə açdığını söyləyə bilərik.

Çünki...

Birincisi, Qarabağla bağlı hər hansı məsələ Ermənistanla müzakirə predmeti deyil.

İkincisi, danışıqlar yenə də Azərbaycanın irəli sürdüyü 5 prinsip ətrafında gedir.

Üçüncüsü, Ermənistan tərəfi sülh müqaviləsinin hazırlanması üçün konkret addımlara məcbur edildi.

Belə görünür ki, artıq sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında hər hansı ciddi maneə qalmayıb və uzun illərdir bütün regionun həsrətində olduğu sülhün bərpası günü-gündən yaxınlaşır.

Murad Əhmədov, Bizim.Media


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin