Ötən gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “1+1” kanalına müsahibısində ölkəsinin düşüdüyü vəziyyəti aydınlatşdırmaq üçün Azərbaycan dövlətinin imicinə zərbə vurub. O, ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik edərək, 44 günlük müharibədə Azərbaycan Ordusunun və əsgərinin də şücaətini kölgə altına salıb.
Danilov kimi yüksək çinli birisinin siyasi səbatsızlığı və diplomatik yanlışlığı çox təəssüf ki, Azərbaycan-Ukrayna dostluq münasibətinə çox ciddi zərbə vura bilər.
Axı Ukraynada yaşanan faciə, ərazi bütövlüyünün itirilməsi, məcburi köçkün problemi Azərbaycan üçün öz dərdi qədər ağırdır. Çünki bütün bunlar xalqımız üçün tanış və hələ tam sağalmamış yaradır.
Bu nöqteyi-nəzərdən ixtiyari azərbaycanlı ilk gündən ukraynalıların yanında olub. Dövlət və hər bir azərbaycanlı öz imkanı çərçivəsində Ukrayna xalqına dəstək göstərib və bu proses bu gün də davam edir.
Bütün bunların müqabilində dövlətdə ikinci-üçüncü dərəcəli postu tutan bir adamın heç bir əndazəyə və siyasi etiket qaydalarına sığmayan danışığı sadəcə təəsssüf və təəccüb doğurur.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna rəsmisindən Azərbaycanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK - VİDEO
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Cümşüd Nuriyev Danilovun canlı efirdə dediklərini uğursuz bir gediş adlandırıb:
“Bu sadəcə təxribatdır. Danilov ya səhv məlumatlandırılıb, ya da ki, ermənilər tərəfindən yaxşıca mükafatlandırılıb.
Birincisi, Danilov yaxşı olardı ki, ermənilərin yox, öz xalqının dərdini çəkərdi.
İkincisi, Azərbaycan xalqı münaqişənin ilk günündən Ukraynanın tərəfində dayanıb.
Üçüncüsü, Azərbaycan dövləti istər beynəlxalq tədbirlərdə, istərsə də ikili münasibətlərdə dailma Ukraynanı müdafiə edib, ona humanitar yardım göstərib.
Bütün bunların müqabilində Ukraynanın rəsmi şəxsi Azərbaycana qarşı təxribatla çıxış edirsə, bunun mütləq cavabı verilməlidir. Azərbaycan XİN təcili olaraq Ukrayna səfirin dəvət etməli, ondan izahat tələb etməlidir. Və etiraz notası verilməlidir. Azərbaycan Müdafiə Nazirliyi ortaya mövqe qoymalıdır. Eləcə də, ölkəmizin digər müvafiq qurumları bu məsələyə konkret münasibət bildirməlidir”.
Cümşüd Nuriyev onu da əlavə etdi ki, bu Azərbaycan şəhidlərinin ruhuna bir hörmətsizlikdir. Qazilərinə qarşı məkrli bir addımdır. Ümumiyyətlə, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı bir təxribatdır:
“Ən əsası Azərbaycan mediası bu məsələnin üzərinə getməlidir.
Sağ olsun Bizim.Media-nın kollektivi ki, bu məsələni ictimailəşdirib. Azərbaycanın siyasi partiyaları üçün də bu gündəm olmalıdır. Biz Ukraynanın ayrı-ayrı vəzifəli şəxslərinin bu cür təxribatçı addımlarının qarşısını almaqdan ötrü bir araya gəlməliyik və Ukraynanın bu cür vəzifəli şəxslərinə öz yerlərini göstərməliyik”.
Surxay Atakişiyev, Bizim.Media