Ukraynadan əks-hücum ƏMƏLİYYATI – Müharibədə geri dönüş, yoxsa...

Hazırda oxunan: Ukraynadan əks-hücum ƏMƏLİYYATI – Müharibədə geri dönüş, yoxsa...

91194

Xəbər verdiyimiz kimi, dünən Ukrayna ordusu tərəfindən cənub cəbhəsində hücum əməliyyatlarına başlanılıb. Xüsusilə də, Xerson şəhərinin azad edilməsi üçün ağır döyüşlərin getdiyi bildirilir. Verilən məlumata görə, artıq bu istiqamətdə Rusiyanın qurduğu 1-ci müdafiə xətti də yarılıb.

Bəs, bu yeniliklərdən sonra müharibənin seyri necə davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ukrayna Rusiya işğalında olan Xerson şəhərini azad etmək üçün döyüş əməliyyatlarına dünən başlasa da, hərbi nailiyyətlərə dair hər hansı rəsmi məlumatlara malik deyilik:

“Məlum olan odur ki, artıq Ukrayna silahlı qüvvələrinin baş qərargahı Rusiya qoşunlarının 5 istiqamətdə əks hücuma keçdiyini də təsdiqləyib. Krımda yerləşən hərbi bölmələrin 400-ə yaxın avtomobildən ibarət karvanı Xerson istiqamətində hərəkətə keçib.
Ümumilikdə isə Xersonda vəziyyət bir qədər mürəkkəbdir. Orada Rusiya qoşunları ilə birlikdə, ukraynalı sakinlərin də olması Ukrayna ordusunu diqqətli davranmağa vadar edir. 

Digər tərəfdən, Dnepr çayı üzərindən Xersonla əlaqəni təmin edən körpülər də ciddi zədələnib. Hazırda təchizat və təminat bərələr vasitəsilə mümkündür. Bu da Rusiyanın texniki təchizatına problemlər yaradır. Bu həm də Ukraynanın əraziyə daxil olmasına ciddi maneələr törədir. Bərələrlə daşınmaların isə hava zərbələrinə məruz qalacaq və heç kim bu vasitələrdən istifadə etməyə risk etmir”.

Ekspert qeyd edib ki, Xersona əks-hücum müharibədə dönüş nöqtəsi olmasa belə, irəliyə doğru bir addım kimi dəyərləndirilə bilər:

“Ukraynaya söz verilən silah-sursatın bir qismi hələ də mənzil başına çatdırılmayıb. Əsasən, Ukraynanın ehtiyac duyduğu HHM sistemləri, aviasiya vasitələri və uzaqmənzilli raketlərlə bağlı sıxıntıları mövcuddur.

Doğrudur, Rusiya tərəfi də eyni tip silahların kəskin azalmasını hiss edir, lakin bu Ukrayna qədər deyil. Belə ki, Rusiya bu sahədə təqribən 50% nisbətində Ukraynadan daha üstün vəziyyətdədir”.
Sonda isə Ədalət Verdiyev Ukraynanın işğalçı Rusiya qoşunları üzərində ən azı taktiki qələbələrə imza atacağına ümid etdiyini qeyd edib.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin