XİN rəhbəri Koreya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü

Hazırda oxunan: XİN rəhbəri Koreya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü

90457

Xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Prezidentinin xüsusi nümayəndəsi So Byoq Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, C.Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib.

Nazir bu il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu və ölkələrimiz arasında artan siyasi dialoqun, qarşılıqlı səfərlərin, ötən ay nazir müavinləri səviyyəsində Koreyada siyasi dialoqun münasibətlərin daha da inkişaf etdirilməsi baxımından vacib olduğunu qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

XİN-də Dominikanın yeni səfiri ilə görüş keçirildi - FOTO


Parlamentlərarası münasibətlərin əhəmiyyət daşıdığı, bu çərçivədə, Koreya Parlamentində Azərbaycan-Koreya Dostluq Qrupunun rəhbəri kimi So Byonq Sunun səylərindən məmnunluq ifadə olunub.

Nazir, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini və bu xüsusda, Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini vurğulayıb.

Koreya Respublikası ilə ölkəmiz arasındakı alternativ enerji resursları, işğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesi və s. yeni istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin olduğu diqqətə çatdırılıb.

O, eyni zamanda, ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğunu bildirib.

So Byoq Su iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, təhsil, energetika, informasiya texnologiyaları, investisiya və digər sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub.

O, Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd edərək, görüş zamanı gələcək əməkdaşlıq planlarına dair əsas prioritet məsələlərin müzakirə olunduğunu və bunun ölkələrimiz arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə inamını ifadə edib. 

O, 2009-cu ildə Parlamentin Azərbaycan-Koreya Dostluq Qrupunun rəhbəri qismində ölkəmizə səfərini xatırlayaraq, o zamandan bəri ölkəmizin necə inkişaf etdiyinin şahidi olduğunu, Koreya tərəfinin ölkəmiz ilə elektron hökumət, alternativ enerji, kənd təsərrüfatı, təhsil, “ağıllı şəhərlərin” yaradılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Nazir daha sonra 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin dövlətlərimizin beynəlxalq təşkilatlarda və platformalarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib, qarşılıqlı maraq doğuran sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin