Andranikin qulağı BU KƏNDDƏ kəsilib – Laçın xatirələri İLHAM QƏHRƏMANIN dilindən

Hazırda oxunan: Andranikin qulağı BU KƏNDDƏ kəsilib – Laçın xatirələri İLHAM QƏHRƏMANIN dilindən

90340

“Mən işğaldan bir gün öncə 17 May 1992-ci ildə Laçından çıxmışam. O zamanlar Bakıda yaşasam da vəziyyət gərginləşən kimi Laçına yollandım. Evimiz Həkəri çayının ətəyində yerləşən Sus kəndində idi. İndiyə qədər yadımdadır ki, oradan çıxdığımız zaman başımızın üstündən mərmilər uçurdu və o mərmiləri ermənilər öz havadarlarınının hesabına ələ keçirdikləri tarixi torpağımız olan Gorusdan atırdılar. Sus kəndindən Laçın şəhərinə daxil olduqda isə maşınımızı arxadan vurdular və xoşbəxtlikdən həmin zaman bizə heç nə olmadı”.

Bu xatirələri Bizim.Media-ya Susu ən son tərk edən sakinlərindən biri, şair İlham Qəhrəman danışıb.

Şair Azərbaycan ordusunun keçirdiyi “Qisas” əməliyatından sonra doğma kəndi Susa qayıtmaq həyəcanını yaşayır. İndiliksə bu görüş öncəsi yaxın tarixin ağrılı-dağlı səhfələrini varaqlayır:

“Yadımdadır, Laçından çıxdığımız zaman iki qadın şəhərə qoyun sürüsü gətirirdi. Maşını saxlayıb qadınları götürmək istəyəndə onlar bildirdilər ki, Laçının Şeylanlı kəndindən gəlirlər və döyüşlərdən sonra kəndin kişiləri də buraya gəlib onları götürəcəklər. Nə qədər dil töksək də qadınlar oradan heç hara tərpənmədi. Laçın işğal olunandan uzun illər sonra Ağcabədidən Bərdəyə getdiyim zaman o xanımlardan birini gördüm. Yaxınlaşıb əhvalatı ona xatırlatdıqda isə o, mənə söylədi ki, həmin zaman ermənilər onları əsir götürərək Gorusa aparıblar. Təxminən bir ay sonra danışıqlar yolu ilə həmin xanımlar geri qaytarılıb. Bu əhvalat Laçınlıların həyatı bahasına olsa belə öz malına torpağına sahib çıxdığının göstəricilərindən biridir”.

İlham Qəhrəmanın söylədiyinə görə Birinci Qarabağ müharibəsi zamanı Sus kəndi iki şəhid verib. Onlardan biri Bayramov Yusif Əli oğlu, polis işçisi olub. Digəri Hüseynov Şahid Nəriman oğlu isə könüllü olaraq müharibəyə qatılıb.

O həmçinin qeyd edib ki, Sus kəndi ilə bağlı ermənilərin tarixən xoş olmayan xatirələri olduğu üçün hər zaman bu kəndi ələ keçirməyə çalışıblar. Səbəbini də belə izah ediblər ki, əgər Sus kəndini almasaq, babamız Andranikin ruhu bizdən inciyər: 

“1919-cu ilin May ayında satqın erməni generalı Andranik Sultan bəyə xəbər göndərir ki, mən öz ordum ilə bu ərazidən keçib İsveçrəyə getmək istəyirəm. O zaman Sultan bəy Xosrovpaşa bəyə bu barədə xəbər göndərir. Xosrovpaşa bəy isə Andranikə cavab verir ki, əhalinin təşvişə düşməməsi üçün silahları əvvəlcədən göndərin, daha sonra isə qoşun gəlib buradan keçsin. Andranik isə hiylə ilə silahların bir qismini yollayır, amma əsas hissəsini saxlayır. Düşünür ki, kəndlərə daxil olan kimi yerli camaatı qılıncdan keçirsin. Amma Sultan bəyin adamları da ayıq olurlar, təcili bu barədə bəyə məlumat verirlər. Sultan bəy də öz dəstəsini başına toplayır bütün hazırlıqları ilə Andranikin qoşunularını körpü üstündə gözləyir. Andranikin ordusu Sus kəndinin altındakı “Nikolay”, digər adı isə “Padşahlı” olan körpüdən çayın üstü ilə keçərkən Sultan bəyin yerli sakinlərdən təşkil etdiyi dəstə ilə qarşılaşır və düşmən ordusu məhv edilir. Deyilənə görə, elə Andranikin qulağını da o vaxtı kəsirlər.
 

Sultan bəy Qargöl ətrafında döyüşlər zamanı 600 ermənini əsir götürür və onların quldurbaşısının da qulağını kəsib göndərir. Andranikin də qoşunları elə o zamandan dağlmağa başlayır və 1919-cu ildə quldur dəstəsindən əsər-əlamət qalmır”.


İlham Qəhrəman deyir ki, Sus kəndini əhəmiyyətli edən daha bir səbəb isə kəndin magistral qovşağda yerləşməsi olub:

“Kəndin ərazisindən SSRİ vaxtında Ermənistana avtonəqliyyat yolu keçirdi. O yol həm də, tarixi torpağımız olan Naxçıvana gedirdi. Həmin dövrdə Azərbaycandan Ermənistana gedən qaz borusu da məhz Sus kəndinin ərazisindən keçməkdə idi. Ermənistana Qarabağ ərazisindən gedən yüksək gərginlikli elektrik xəttlərini də bu siyahıya əlavə edə bilərik. Ən gözəli isə o, idi ki Sus kəndindən keçən yol bizi Naxçıvana aparırdı. Hətta Sus sakinləri Naxçıvana gedən maşınları tanıyırdılar. Naxçıvandan gələn maşınlarla yerli camaata daş duz paylanılırdı. Kəndin əhalisi bağçılıq və bostançılıqla məşqul olurdu. Dəhnə vurmaqla bağları suvarmağa çalışırdılar. Həmin zamanlar Şuşa bazarına meyvə-tərəvəz məhz Sus kəndindən gedirdi”. 

Şair deyir ki, indi Sus kəndinin sakini kimi bircə istəyim odur ki, burada olan tarixi bostan yerləri qorunub saxlanılaraq yerli əhalinin istifadəsinə verilsin:

“Kənddə müasir şirkətlərin açılması təbii ki, bizi də sevindirəcək, amma bununla bağlı yerli hökumətimizə müraciət ünvanlayır və  ümid edirik ki, Sus əhalisinin ən böyük sərvəti olan bağ-bostanlar həmin şirkətlərin tullantıları ilə çirklənməyəcək. Bu tək mənim yox, bütün Sus kəndinin əsl sahiblərinin arzusudur”.

Leyla Şah, Bizim.Media  



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin