“Azərbaycan bundan sonra da Ukraynaya yardım edəcək” – İlham Əliyev 

Hazırda oxunan: “Azərbaycan bundan sonra da Ukraynaya yardım edəcək” – İlham Əliyev 

90164

“Azərbaycan bundan sonra da Ukraynaya yardım göstərməyə davam edəcək”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə ölkə prezidenti Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda bildirib: 

“Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 

Xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dövlətlərarası əlaqələrimizi və əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Diplomatik münasibətlərimizin qurulduğu ötən otuz illik dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın dinamik və ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. 

Cari ilin yanvarında Ukraynaya etdiyim işgüzar səfəri, Sizinlə görüşümüzü və apardığımız danışıqları xoş təəssüratlarla xatırlayır, bu səfəri ölkələrimiz arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli hesab edirəm. 
Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik. 

Əminəm ki, Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir. 

Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin