Milli Məclisdə yeni qanun layihəsi hazırlanır – Deputatlardan açıqlama

Hazırda oxunan: Milli Məclisdə yeni qanun layihəsi hazırlanır – Deputatlardan açıqlama

9007

“Ölkəmizdə təhsil sahəsində bir sıra qanunlar qəbul edilib. Şəraitə və inkişafa uyğun olaraq həmin qanunlara əlavələr, düzəlişlər və dəyişikliklər də edilib. Lakin indiyə qədər ölkəmizdə “Ali təhsil haqqında” ayrıca qanun layihəsi hazırlanmayıb”.

Bu sözləri “Bizim.Media”ya açıqlamasında millət vəkili, Milli Məclisin Elm və Təhsil komitəsinin sədr müavini və AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

 

 MÖVZU İLƏ BAĞLI:

Musa Qasımlı: "Ermənistanda vətəndaş müharibəsi gözlənilir"


Tezliklə Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanacağını deyən millət vəkili müzakirələrə mütəxəssislərin cəlb olunacağını da bildirib.

“Bu qanun layihəsinin hazırlanması üçün işçi qrupu təşkil edilib. Bu yaxınlarda işçi qrupunun iclası keçiriləcək. Layihənin müzakirəsinə ali təhsil sahəsində çalışan mütəxəssislər cəlb ediləcək. Geniş ictimaiyyət də iştirak edə bilər. Qanun layihəsində ali təhsilin bütün məsələləri öz əksini tapıb. Həm müzakirələrin gedişi, həm də layihə barəsində yeri gəldikcə KİV-ə məlumatlar veriləcək”,- deyə o, fikrini tamamlayıb.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Şahin Seyidzadənin sözlərinə görə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox sahədə əsaslı islahatlar aparılır.

Bundan başqa komitə üzvü bildirib ki, neft kapitalının insan kapitalına çevirilməsi istiqamətində təhsil sahəsi böyük rol oynayır.

“Qeyd etmək istərdim ki, 2013-cü ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sisteminin əsas inkişaf xəritəsi - inkişaf yolu göstərilib. Məhz elə bu istiqamətdə də artıq bir neçə mühüm sənədlər qəbul olunub".

"Məsələn, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi də mühüm addımlardan biridir. Ümumiyyətlə, təhsil sahəsində islahatların davam etdirilməsi üçün sözügedən təhsil pilləsi üzrə hüquqi normativ bazanın yaradılması vacibdir”,- deyə, Ş.Seyidzadə qeyd edib. 

Deputat “Ali təhsil haqqında qanun”un yetəri qədər əhəmiyyətli layihə olduğunu da qeyd edib. “Ali təhsil haqqında qanun artıq Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il Yaz sessiyasının gündəmində olacaq. Müvafiq olaraq Milli Məclisin Elm və Təhsil Komitəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əlaqələr qurulmuş, sözügedən istiqamətdə dövlət qanunu ilə bağlı hazırlıq işləri başlamaqdadır.

Sözügedən “Ali təhsil haqqında qanun” yetəri qədər əhəmiyyətli qanundur və təkcə bu günü yox, həm də yaxın və uzaq gələcəyin müvafiq istiqamətdə fəaliyyətini hüquqi cəhətdən tənzimləyəcəkdir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin