“Əgər Türkiyə Ermənistanla sərhədlərini açsa...” – Ekspertlərdən açıqlama

Hazırda oxunan: “Əgər Türkiyə Ermənistanla sərhədlərini açsa...” – Ekspertlərdən açıqlama

8905

Azərbaycan Ermənistan arasındakı 44 günlük davam edən hərbi əməliyyatlar Azərbaycanın qələbəsi ilə başa çatıb. Dünya hərb praktikasına görə, müharibə bitdikdən sonra münaqişə tərəfləri arasında ikinci mərhələ olaraq diplomatik əlaqələr yaranmalıdır. 

Dünyadakı siyasi proseslərə, müharibələrin gedişatına nəzər salsaq, bu mərhələdən sonra iki dövlət arasında xalq diplomatiyası yaradılmalıdır. 

Hazırda Ermənistan və Azərbaycan millətləri arasında bu prosesi izləmək mümkün olub-olmayacağı hələ ki, qeyri-müəyyəndir.

Çünki Azərbaycanın haqlı tərəf olmasına baxmayaraq, Ermənistan bir işğalçı dövlət kimi, öz revanşist siyasətini davam etmək niyyətindədir.

Prezident İlham Əliyev dəfələrlə müsahibələrində erməni xalqının bu məsələdə daha müdrik davranacağına ümid etdiyini söyləyib.

Hazırda bu əlaqələr nə yerdədir və yaxın gələcəkdə biz ermənilərlə xalq diplomatik danışıqlarının şahidi olacağıqmı?

Bizim.Media bu fikirləri şərh etmək üçün bir neçə ictimai xadimə müraciət edib.

İctimai fəal Bəxtiyar Hacıyevin fikrincə, iki dövlət arasında diplomatik əlaqələrin qurulması üçün ilk növbədə Azərbaycanın işğal olunmuş əraziləri erməni separatçıları və qondarma rejimin təmsilçilərindən tam olaraq boşaldılmalıdır. 

“Bundan başqa müharibə cinayətlərində iştirak edən terroristlərin mühakiməsi başladılmalıdır. Hazırda bəzi ərazilərimiz ermənilərin nəzarəti altındadır. Düşünmürəm ki, Azərbaycan bu əlaqələrin bərpasına tam olaraq hazırdır. Əgər ərazi bütövlüyümüz tam bərpa olunsa, ermənilər qondarma respublika iddiasından əl çəksə, bundan sonra danışıqlar barədə hansısa razılığa gəlmək olar”,- deyə, o, bildirib.

B.Hacıyev bildirib ki, atəşkəs rejimi dövründə xalq diplomasiyası istiqamətində kifayət qədər böyük təşəbbüslər və layihələr həyata keçirilib. 

O, bu təşəbbüslərin Nikol Paşinyan tərəfindən vaxtında dəyərləndirilmədiyini xüsusi qeyd edib.

“Ancaq son 2 il ərzində Ermənistanın baş naziri Nikol Paşinyan iki dövlət arasında olan xalq diplomasiyasına böyük zərbələr vurdu. Müharibə bu diplomatiyanın üzərindən xətt çəkdi. Ona görə də xalq diplomasiyasına keçid işləri hələ uzun müddət alacaq. Müharibə zamanı minlərlə azərbaycanlı və erməni hərbçiləri həlak oldu. Bu səbəbdən tezliklə xalq diplomasiyasının həyata keçirilməsi fikri  real görünmür”.

Politoloq Zərdüşt Əlizadə bildirib ki, Azərbaycanın Ermənistana təklif etdiyi sülh danışıqları hər zaman rədd cavabı alıb.

''Xalq diplomatiyasının başlanması əks tərəfin istəyindən asılıdır. Azərbaycan qələbəsini hüquqi cəhətdən sənədləşdirmək üçün hər iki tərəf barışmalıdır. Hələlik, küsən, inciyən tərəf Ermənistandır. Hər iki tərəf mövcud vəziyyəti tanıyıb, münasibətlər qurmalıdır. Ümumiyyətlə, sülh, ədalət istəyən tərəf üçün hər zaman xalq diplomasiyası vacib olub. Biz hətta məğlub tərəf kimi də hər zaman ermənilərə sülh diplomasiyası təklif edirdik''.

''Onlar isə bundan imtina edib, güzəştli sülh istəmirdilər. Bundan əlavə Azərbaycan onlara Qarabağın muxtariyyətini də təklif edirdi. Lakin onlar bundan da imtina edirdilər. Onlar məsələni sülh yolu ilə həll etmək istəmədilər, sonunda cəzalarını layiqincə aldılar. Hədsiz tamah erməniləri boş yerdə qoydu''. 

Sülh şəraitində yaşamaq üçün azərbaycanlıların mütləq şəkildə erməni xalqı ilə ortaq məxrəcə gəlməsinin vacibliyini vurğulayan politoloq bunun yaxın zamanlarda baş verməyəcəyini də deyib.

“Azərbaycan indi qalib tərəfdir, ancaq buna baxmayaraq, o münaqişəyə son qoymaq üçün əlindən gələni edir. Əgər ruslar icazə versələr, biz Dağlıq Qarabağ erməniləri ilə görüşüb, danışardıq. Ümumiyyətlə, biz rifah içində yaşamaq üçün Ermənistan dövləti ilə də ortaq məxrəcə gəlməliyik. Ancaq düşünürəm ki, bu yaxın vaxtlarda baş verməyəcək. Çünki bu məsələdə ən vacib amil Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasıdır".

"Əgər Türkiyə Ermənistanla sərhədlərini açsa, bu, Azərbaycan və Ermənistanla yaranacaq xalq diplomasiyasına da öz töhvəsini verə bilər”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin