Ermənilər Laçını tərk edir. Lakin bu tərketmə prosesi yenə də erməni xislətinə uyğun gedir. Ermənilər tərk etdikləri ərazilərdəki tikililəri və yaşıllıqları yandırır, məhv edirlər. Təsadüfi deyil ki, iki gün öncə sosial şəbəkədə ermənilər tərəfindən yayılan bir video bunun ən parlaq nümunəsi idi.
Görüntülərdə ermənilərin kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardıqlarını və tikilini necə dağıtdıqlarını aydın görmək mümkündür.
Qeyd edək ki, Laçında heç zaman ermənilər kütləvi şəkildə yaşamayıb. Bu kilsə də son 20 ildə inşa edilib. Bununla belə ermənilər kilsəni söküb dağıdıb, daha sonra bu vəhşiliyi azərbaycanlıların adına yazmağa çalışacaqlar.
Məsələyə münasibət bildirən tanınmış jurnalist Taleh Şahsuvarov deyir ki, “ermənilərin işğal dövründə Laçında inşa etdikləri kilsə Qubad İbrahimov adlı laçınlının 1992-ci ilin mayına qədər yaşadığı evinin yerindədir”.
Taleh Şahsuvarov hesab edir ki, “həmin soydaşımızın mülkiyyət hüququ bərpa olunmalı, kilsə sökülərək torpaq sahəsi vətəndaşımıza qayıtmalıdır. Həmin kilsədə heç bir rekonstruksiya işi aparmağa gərək yoxdur. Bünövrəsinəcən sökülməlidir!”
Ermənilərin bu vandallığı təbii ki, Azərbaycan ictimaiyyəti tərəfindən böyük təpki ilə qarşılanıb.
Millət vəkili, politoloq Elşad Mirbəşiroğlu Bizim.Media ilə söhbətində bildirib ki, belə davranışlar ermənilərin xarakterinə tam uyğundur:
“Tarix boyu ermənilər bu cür hərəkətlərlə özlərini dünyaya məzlum, yazıq və əzilmiş xalq kimi göstərməyə çalışıb. Bu yolda hətta öz soydaşlarının qanını töküb, öldürüblər. Buna ən yaxşı sübut Sumqayıt hadisələridir. 1988-ci ilin 27-28 fevral tarixlərində başda Qriqoryan adlı quldurbaşı olmaqla bir dəstə erməni şəhərdə yaşayan dinc ermənilərin evlərini dağıtdılar, qadınları zorladılar, uşaqları və qocaları öldürdülər. Sonra da çıxıb bunu azərbaycanlıların adına yazmağa çalışdılar. Belə hallar tarixdə çox olub. Və çox təəssüf ki, bəzən sonda ermənilər öz bədnam niyyətlərinə çatıblar”.
Millət vəkili daha sonra əlavə edib ki, təbii ki, Laçında təzəcə tikilmiş kilsəni ermənilər yandırmaq və dağıtmaqla yenə şərəfsiz əməllərini davam etdirmək istəyirlər:
“Onlar bununla xristian dünyasında özlərini incidilmiş, əzilmiş, azərbaycanlıları isə vəhşi xalq kimi göstərməyə çalışacaqlar. Və bu hesaba bir qədər də ianə toplamaq ümidindədirlər. Amma zaman dəyişib. Azərbaycan artıq informasiya blokadasını qırıb. Artıq Azərbaycan həqiqətlərini sivilizasiya çox gözəl bilir. Eyni zamanda, emənilərin hansı xislətə sahib olduqlarını və bu cür hərəkətlərin nəyə hesablandığını bütün dünya, o cümlədən də xristian aləmi çox gözəl bilir”- deyə Elşad Mirbəşiroğlu fikirlərini yekunlaşdırıb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:30 / 13.08.2022
Ermənilərin Laçındakı SON TƏXRİBATLARI – “Vəhşiliklərini bizim adımıza yazmağa çalışacaqlar” - DEPUTAT
Hazırda oxunan: Ermənilərin Laçındakı SON TƏXRİBATLARI – “Vəhşiliklərini bizim adımıza yazmağa çalışacaqlar” - DEPUTAT
Hazırda oxunan: Ermənilərin Laçındakı SON TƏXRİBATLARI – “Vəhşiliklərini bizim adımıza yazmağa çalışacaqlar” - DEPUTAT
88393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.