Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda yaşayan ermənilərə çox vacib 3 mesaj ünvanlayıb.
O bildirib ki, Qarabağda yaşayan ermənilərə nə status verilməyəcək, nə müstəqil, nə də ki, hansısa xüsusi imtiyaza malik olmayacaqlar:
"Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir”.
MÖVZU İLƏ BAĞLI:
Prezident: "Laçın şəhərində qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır"
Dövlət başçısının sözlərinə görə, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir:
“Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur”.
Azərbayca Prezidentinin sözlərini Bizim.Media-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, həmin mövqe beynəlxalq qanunlara, haqq-ədalətə söykənən bir mövqedir:
“Azərbaycan tərəfi belə mövqeyini dəfələrlə bəyan edib. Həmin bölgədə mürəkkəb proseslər gedir. Oradakı revanşist dairələr öz mövqelərini qorumaq üçün radikal fikirlər səsləndirirlər. Yalandan informasiya yayırlar ki, Azərbaycan həmin ərazidə öz qanunlarını bərpa etsə, guya ermənilərə hansısa təhlükələr yaranacaq.
Buna cavab olaraq, Azərbaycan Prezidenti növbəti dəfə ölkəmizin mövqeyini bəyan edib. Bu çox sadə bir mövqedir. Azərbaycan vətəndaşlığını qəbul edən insanlar milli, dini, irqi və s. mənsubiyyətdən asılı olmayaraq eyni hüquqlara malik olacaqlar. Sadəcə bu zaman Azərbaycan qanunlarına tabe olmaq gərəkdir. Bu da beynəlxalq qanunlara, haqq-ədalətə cavab verən bir mövqedir”.
Rüfət Sultan, Bizim.Media