Prezidentin köməkçisi “Əl-Ərəbiyə”yə Gəncə terrorundan DANIŞDI

Hazırda oxunan: Prezidentin köməkçisi “Əl-Ərəbiyə”yə Gəncə terrorundan DANIŞDI

883

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib.

Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi müsahibədə Ermənistanın son təxribatları barədə danışıb.

Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki insanları qətlə yetirdiyini, infrastruktura böyük zərər vurduğunu bildirib. Qeyd edib ki, Ermənistan indi də müxtəlif raket sistemlərindən istifadə etməklə zərbələr endirir: "Bu, bizi çox narahat edir. Oktyabrın 17-də gecə saatlarında Ermənistan “SCUD” raketləri ilə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni atəşə tutub. Nəticədə 10-dan çox mülki şəxs ölüb. Ermənistan təcavüzkar dövlətdir, bu ölkənin silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşları qətlə yetirilir. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, mədəni irsimizi məhv edib. Ermənistanın raket sistemlərindən istifadə edərək mülki vətəndaşlarımızı hədəfə almasını İkinci Dünya müharibəsi zamanı baş verənlərə bənzətmək olar. Bəzi hallarda onlar gün ərzində çoxlu sayda raket hücumları həyata keçirirlər. Odur ki, bu silahlar məsuliyyətsiz şəkildə Ermənistana təqdim edilməməlidir. Ermənistan mülki şəxslərlə hərbçilər arasında fərq qoymur, bu raketləri necə gəldi, məsuliyyətsiz şəkildə istifadə edir. Bütün kanallardan istifadə edərək Ermənistanın bu raketlərlə təmin edilməsinin qarşısını almaq lazımdır. Ermənistan kasıb ölkədir. O, bu cür müasir silahları pulla almaq iqtidarında deyil".

Humanitar atəşkəslə bağlı suala cavabında Hikmət Hacıyev bildirib ki, Moskvada bununla bağlı əldə edilmiş razılaşmanı Ermənistan pozub, Gəncə şəhərinə ballistik raket hücumları həyata keçirib, yaşayış məskənlərimizi bombalayıb.

"Ermənistan çoxlu sayda hərbi qüvvələri cəm edib, işğaldan azad etdiyimiz kəndləri geri almağa cəhd edib. Azərbaycanın mövqelərini bombalamaq üçün hərbi təyyarələrdən, raketlərdən istifadə edib. Ermənistan atəşkəsdə maraqlı deyil. Onlar bu atəşkəsdən Azərbaycan torpaqlarının işğalına əsaslanan siyasətlərini davam etdirmək üçün istifadə edirlər. Nəticədə mülki şəxslər arasında çoxlu itkilər var. Əgər Ermənistan atəşkəsdə və sülhdə maraqlıdırsa, o, Azərbaycanın mövqelərini, Qarabağdakı tarixi yerləri, məscidlərimizi, dini abidələrimizi atəşə tutmağı dayandırmalıdır. Ermənistan bütün mədəni, dini abidələrimizi dağıdıb, təhqir edib, bununla da İslam ümmətini təhqir edir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ədalətli mövqeyini, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini daim dəstəkləyib. Türkiyə, Pakistan, Mərakeş, Səudiyyə Ərəbistanı kimi dövlətlər Azərbaycanı dəstəkləyirlər, beynəlxalq hüquqa görə Ermənistanın təcavüzkar tərəf olduğunu qəbul edirlər. Əgər Ermənistan bu münaqişənin həllində maraqlıdırsa, niyə yaşayış məskənlərimizi davamlı şəkildə atəşə tutur, köçkünlərin evlərinə qayıtmasına mane olur? Əgər bu münaqişənin sülh yolu ilə həllində maraqlıdırsa, danışıqlar masasına qayıtmalıdır. Əksinə, Ermənistan danışıqları uzadıb, substantiv danışıqlara getməyib. Ona görə də heç bir nəticə əldə edilməyib. Münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tam şəkildə həll olunmalıdır. Bu qətnamələrin əsas tələblərindən biri də Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarmasıdır. Atəşkəs çağırışı edən tərəflərdən gözləyirdik ki, onlar Ermənistandan təcavüzkar siyasətini dayandırmağı, silahlı qüvvələrini işğal olunmuş bütün ərazilərimizdən çıxarmağı da tələb edəcəklər. Bu, regionda sülhün bərqərar olması üçün əsas şərtdir", - deyə Prezidentin köməkçisi əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin