Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ötən həftə verilən açıqlamada Laçın dəhlizinə alternativ yolda tikinti işlərinin yekunlaşmaq üzrə olduğu bildirilib.
10 noyabrda imzalanan üçtərəfli bəyanata görə, yeni yol hazır olduqdan sonra Laçın şəhəri və dəhlizin keçdiyi kəndlər Azərbaycanın nəzarətinə keçəcək.
Eyni zamanda Rusiya sülhməramlıları yeni alternativ yol istifadəyə başladıqdan sonra, həmin bölgəyə dislokasiya ediləcəklər.
Məlumat üçün bildirək ki, alternativ yolun yaxın vaxtda hazır olacağı bəlli olduqdan sonra, Laçın dəhlizi üzərində yerləşən yaşayış məntəqələrindən erməni əhalinin köçü də başlayıb.
MÖVZU İLƏ BAĞLI:
“Rus sülhməramlılarının səlahiyyətlərinin artıb, azalması Azərbaycandan asılıdır” - Tofiq Zülfüqarov
Bəs, alternativ yolun statusu məsələsi necə həll olunacaq? Yeni yol da dəhliz statusuna sahib olacaqmı?
Mövzunu Bizim.Media üçün şərh edən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun sözlərinə görə, bu məsələnin həlli olduqca vacibdir:
“Alternativ yoldan istifadəyə keçid edilərkən Ermənistanın Zəngəzur dəhlizinə qarşı mövqeyi nəzərə alınarsa, Azərbaycanın ixtiyarı var ki, həmin yolda sərhəd və gömrük nəzarətini təmin etsin.
Sülhməramlıların gəlişinin əsas məqsədi təhlükəsizliyi təmin etməkdir. Amma sərhəd və gömrük xidmətləri ermənilərin gediş-gəlişinə hər hansı təhlükə yaratmayacaq. Bu baxımdan vəzifələrin bölünməsinə ehiyac var.
Əgər biz üçtərəfli bəyanatda belə bir öhdəlik götürmüşüksə, təhlükəsizliyin təmin olunması, post-patrul xidməti kimi məsələlər sülhmərmalı kontingent tərəfindən aparıla bilər.
Lakin sərhəd keçid məntəqələrində qeyd etdiyimiz xidmətlər Azərbaycanın müvafiq qurumları tərəfindən nəzarətə götürülməlidir. Həm Azərbaycan ərazisinə girişdə, həm də çıxış hissəsində”.
Murad Əhmədov, Bizim.Media