Moderator.az xəbər verir ki, iyulun 24-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) növbəti toplantısı keçirilib. Toplantıda görülmüş işlər haqqında məlumat verilib, ölkədəki ictimai - siyasi vəziyyət və qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb.
Görülmüş işlər barədə danışan İH üzvləri, sədrin birinci müavini Vurğun Əyyub və sədrin "İnkişaf və üzvlərlə iş üzrə" müavini Ellada Məmmədli ADR rəhbərliyinin Böyük Britaniya, ABŞ və Fransa səfirliklərinin təşkil etdikləri tədbirlərdə iştirakı və icra olunmuş cari işlər barədə ətraflı məlumat veriblər. Sonra ADR İH-nin üzvü Taleh Əliyev ölkədəki mövcud ictimai - siyasi vəziyyət barədə məruzə edib. Məruzəçi Avropa oyunlarından əvvəl və sonrakı dövrləri müqayisə edərək, ölkədəki ictimai, iqtisadi və siyasi vəziyyətlə bağlı mülahizələrini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra ADR Hərəkatının rəhbəri, hazırda ABŞ - da tədiqat proqramına cəlb olunmuş Qubad İbadoğlunun İH üzvlərinə müraciəti oxunub. Müraciətdə ADR-in yarandığı dövrdən bugünə kimi görülən işlərlə bağlı İH üzvlərinin əməyini yüksək qiymətləndirən sədr gələcək fəaliyyətlərlə bağlı müəyyən mesajlar verib və hazırda məşğul olduğu proqramın uzadılması ilə bağlı ona təklif olunduğunu diqqətə çatdırıb. Müraciət ətrafında aparılan müzakirələr zamanı İH üzvləri sədrin təklifini müsbət qarşıladıqlarını qeyd ediblər.
Bundan sonra toplantının müzakirə hissəsi başlayıb, iri obyekt və şirkətlərin özəlləşdirilməsi, bank kreditlərinin artan faizləri və Qarabağ problemi ətrafında geniş fikir mübadiləsi aparılıb. İşğal olunmuş torpaqlarımız ətrafında yaranmış son vəziyyətlə vəziyyətlə bağlı belə bir fikir vurğulanıb ki, Qarabağ münaqişəsinin həlli istiqamətində fəallığın artması müşahidə edilir. Bu məsələdə Rusiyanın xüsusi təşəbbüs göstərməsi, Qərb ölkələrinin dişsiz və növbətçi bəyanatlar verməsi və ATƏT nümayəndələrinin bölgəyə səfərləri fonunda cəmiyyətə ətraflı məlumatın verilməməsi ciddi narahatlıq yaradır. ADR İH hesab edir ki, hakimiyyət xalqı məlumatlandırmalı və bu barədə yayılan informasiyalara rəsmi və açıq mövqe bildirməlidir.
Sonda qarşıda duran məsələlər müzakirə olunub və icra ediləcək məsələlər barədə konkret tapşırıqlar verilib.































































































