Səfirliyimizə hücumun ƏSAS GÜNAHKARI – Hadisələrin qarşısı niyə vaxtında alınmayıb?

Hazırda oxunan: Səfirliyimizə hücumun ƏSAS GÜNAHKARI – Hadisələrin qarşısı niyə vaxtında alınmayıb?

87098

Xəbər verdiyimiz kimi, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi avqustun 4-də radikal-dini qrup tərəfindən hücuma məruz qalıb.

"The Mahdi Servants Union" adlı qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Təxribat baş verdikdən sonra bütün ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilməyi bacardı. Hər kəs hadisənin arxasında yatan səbəbləri aşkara çıxarmaq üçün araşdırmalar aparıb, versiyalar irəli sürdü. Müxtəlif xarici xüsusi xidmət orqanlarının səfirliyimizə hücumun baiskarı olduğu ehtimalları ortaya atılmaqla yanaşı, Azərbaycanı 3-cü ölkələrə üz-üzə qoymaq niyyətlərindən danışıldı.

Təbiidir ki, bu versiyaların doğruluq payının olması mümkündür. Lakin ilk əvvəl əsas müqəssirin kim olduğunu deməkdə də fayda var.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Londondakı səfirliyinə hücum - XİN-dən RƏSMİ AÇIQLAMA


Beynəlxalq hüquqa, ölkələrin tərəfdar çıxdığı konvensiyalara görə, hər bir dövlət digər dövlətlərin ölkəsindəki səfirliyinin təhlükəsiz fəaliyyətini təmin etməyə borcludur.

Elə Azərbaycan Xarici İşlər Nazirliyi də hücuma münasibət bildirərkən, bu məqama xüsusi vurğu edib:

“Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb. Elə həmin konvensiyaya görə, hər bir dövlət onun ərazisindəki səfirliklərin təhlükəsizliyini təmin etməyə borcludur”. 

Rəsmi Bakı onu da qeyd edib ki, Azərbaycan İngiltərənin və başqa dövlətlərin Bakıdakı səfirliklərini keyfiyyətli şəkildə qoruyur və indiyə qədər də heç bir problem olmayıb.

Bəs, Böyük Britaniya hökuməti nə üçün oxşar həssaslığı nümayiş etdirmədi?

Qeyd etdiyimiz kimi, hadisəyə obyektiv qiymət vermək istəyiriksə, məsələyə konspiroloji ab-hava qatıb, vəziyyəti daha mücərrəd formaya gətirməyə lüzum yoxdur. Faktiki olaraq, səfirliyimizi Böyük Britaniya hüquq-mühafizə orqanları qorumalı idilər. Lakin onlar bunu etmədi, edə bilmədi, ya da etmək istəmədilər.

Digər diqqət çəkən məqam isə səfirliyimizin yerləşdiyi ərazi ilə bağlıdır. Belə ki, Kensinqton küçəsi bir çox ölkələrin səfirlik və konsulluqlarına ev sahibliyi edir.

Adıçəkilən küçədə Belarus və Monqolustan səfirliyi, İran konsulluğuda daxil olmaqla 6 diplomatik korpus binası yerləşir. Yəni bu ərazinin təhlükəsizliyinin qorunmasına xüsusi diqqət yetirilməli idi. Ən azından ona görə ki, beynəlxalq münasibətlərin hazırki durumunda İran və Belarus səfirliyi üçün təhlükə yaranması ehtimalı daha böyükdür. 

Yəni, hansısa radikalların şüarlar çığıra-çığıra, əllərini-qollarını sallayaraq Kensinqtona qədər gəlməsi, xeyli müddət orda qalması, hətta pilləkən də gətirib səfirlik binamıza dırmaşmağa fürsət tapması və bütün bunlar baş verərkən, London polisinin hadisələrdən bixəbər qalması şübhə doğurmaya bilməz.  Bəzi iddialar isə polisin nəinki hadisədən bixəbər olması, hətta olaylara canlı şahidlik etdiyini də ortaya qoyur. Belə ki, yayılan görüntülərdə bütün bunlar baş verən vaxtda polis əməkdaşlarının da yaxınlıqda hadisələrə seyirçi qaldıqları görünür. 

Eyni zamanda sözügedən qruplaşmanın oxşar barbarlığına bir neçə il öncə İran səfirliyi də məruz qalıb.

O vaxtdan sonra da “Mehdinin xidmətçiləri birliyi” radikal-ekstremist çağırışlarını davam etdiriblər və onlara gözün üstə qaşın var deyən tapılmayıb.
 

Yəni, yüksək təhlükəsizliyi ilə dünyada ad qazanmış Böyük Britaniyanın xüsusi xidmət orqanlarının belə bir qrupu nəzarətdən kənar qoyması da real görünmür. Bu onu deməyə əsas verir ki, Britaniya xüsusi xidmət orqanlarının da hücumdan bixəbər olması ehtimalı aşağıdır.


Ümidvarıq ki, ən azı Britaniya hökuməti bundan sonra məsələyə bizlər qədər həssaslıq göstərib, hadisəni törədənlərə layiqli cəzanın verilməsini təmin edəcəklər. Çünki bu olay ilk növbədə Britaniyanın öz imicinə vurulan zərbədir. 

Murad Əhmədov, Bizim.Media

QEYD: Material MEDİA Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin