“Ermənistan danışıqlarda simulyasiya ilə məşğuldur və cəzasını almalıdır” – Tofiq Zülfüqarov

Hazırda oxunan: “Ermənistan danışıqlarda simulyasiya ilə məşğuldur və cəzasını almalıdır” – Tofiq Zülfüqarov

86626

Xəbər verdiyimiz kimi, avqustun 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Azərbaycanlı nazir tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd etməklə yanaşı həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulayıb.

Bu bəyanatdan göründüyü kimi, Azərbaycan Ermənistan qoşunlarının, qanunsuz erməni silahlı tör-töküntülərin Qarabağdan çıxarılmasına nail olmaqda tamamilə qətiyyətlidir. 

Ermənistanın son addımları isə göstərir ki, onlar sülh müaaviləsinin bağlanması, qanunsuz silahlı dəstələrin çıxarılması məsələsində əsasən imitasiyaya yuvarlanırlar. Sözdə, qoşunları çıxaracaqları, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını bəyan etsələr də, reallıqda bu istiqamətdə hələ də ciddi addımlar atmayıblar. Bir sözlə, İrəvanın məsələ ətrafında imitasiya xarakterli hərəkətləri onun sülh prosesində maraqlı olmadığını bir daha üzə çıxarır.   

Bu fonda Azərbaycan XİN rəhbərinin həmin bəyanatını İrəvana son rəsmi xəbərdarlıq kimi dəyərləndirmək olarmı? 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanla sülh müqaviləsinin imzalanması yaxın vaxtlarda baş verməyəcək” - Tofiq Zülfüqarov


Sözügedən bəyanatı Bizim.Media-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, bununla Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətə Ermənistanın praktik baxımdan işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə danışıqların heç bir nəticəsinin olmayacağını göstərmək istəyib:

“Hazırda beynəlxalq ictimaiyyətdə elə təəssürat yaranır ki, guya danışıqlar gedir, artıq görüşlər də olub. Amma bu danışıqlar nəticəsində bəlli oldu ki, Ermənistan özünün köhnə siyasətini davam etdirmək niyyətindədir. Ermənistanın işğalçı siyasətinin əsas elementlərindən biri də odur ki, onlar öz qoşunlarını Azərbaycan ərazisində saxlamaqda, yaratdıqları separatçı qurumu maliyyələşdirməkdə, silahlandırmaqda davam edirlər. Təbii ki, Azərbaycan mövcud vəziyyətdə sülh prosesinin imitasiyasının bu şəkildə davam etdirilməsinin əleyhinədir. Hesab edirəm ki, Azərbaycan tərəfi açıqladığı bəyanatla ilk növbədə beynəlxalq ictimaiyyətə Ermənistanın praktik baxımdan işğalçılıq siyasətindən əl çəkməyəcəyi fonunda danışıqların heç bir nəticəsinin olmayacağını göstərmək istəyib”. 

Sabiq baş diplomat bu bəyanatın Azərbaycan tərəfinin son rəsmi xəbərdarlığı olduğunu da istisna etmədi:

“Hansısa addımlardan öncə bəllidir ki, lazimi siyasi addımlar atılmalıdır. Ermənilərin bu əsasda hərbi məğlubiyyətdən sonra ənənəvi siyasətlərini davam etdirmələri görüntüsünü yaratması ilk növbədə onların ehtiyat etdiklərinə yönəlib. Bu mənada istəyirlər ki, siyasi baxımdan özlərini sığortalasınlar. Təbii ki bu istəyi, siyasi təxribatlarını ifşa etməliyik. Bu məsələlərin parallel gedəcəyini də istisna etmirəm, Ermənistan danışıqların simulyasiya ilə məşğuldur və cəzasını almalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin