Qarabağda referendum məsələsi müharibəyə qədər mümkün idi - Ekspertdən açıqlama

Hazırda oxunan: Qarabağda referendum məsələsi müharibəyə qədər mümkün idi - Ekspertdən açıqlama

8602

''Dağlıq Qarabağ münaqişəsinin həlli tarixində bölgənin statusu haqqında müzakirələr və razılaşmalar mövcud idi. Rayonlar sülh yolu ilə azad olunacağı təqdirdə status məsələsi müzakirə olunacaqdı''.

''Burada bir haşiyə çıxım ki, həmin danışıqlarda belə, Dağlıq Qarabağın status məsələsi heç bir halda Ermənistan tərəfinin göstərməyə çalışdığı kimi hüquqi status deyil, mədəni müxtariyyət statusu kimi nəzərdə tutulurdu''.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində politoloq Yeganə Hacıyeva açıqladı.

Azərbaycan XİN mətbuat xidməti idarəsinin məlumatında yer alan “Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik” mesajını şərh edən politoloq bildirdi ki, Ermənistan tərəfi  Dağlıq Qarabağ konfliktinin nizamlanması istiqamətində heç bir addım atmadı, əraziləri azad etmədi:

“Əksinə, işğal faktını möhkəmləndirmək üçün yeni ərazilər tutmaq məqsədilə bu ilin iyulunda Tovuza hücüm etdi, avqust ayında diversiya törətdi və nəhayət sentyabr ayında geniş hərbi əməliyyatlara başladı. Daha öncə də danışıqların şərtinə əməl etməyən Ermənistan, bu il ümumiyyətlə şərtləri pozdu. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi günlərində bir neçə dəfə statusla bağlı fikir bildirib. Müharibədən sonra isə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı bir daha əvvəl dediyi məsələlərə sadiq qaldığını nümayiş etdirib”.
 

MÖVZU İLƏ BAĞLI:

“Co Bayden ermənilərlə sıx əməkdaşlıq edən simadır” - Politoloq


“Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin  nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq.”

Ölkə başçısının bu çıxışından sitat gətirən Yeganə Hacıyeva Qarabağda ermənilərə hər hansı bir statusun verilməsinin mümkünsüzlüyünə işarə etdi.

Əlavə etdi ki, prezidentin bu çıxışında xalqın iradəsi ifadə olunub:

“Çıxışın hüquqi əsaslarına gəldikdə isə, məsələ ondadır ki, Azərbaycan unitar dövlətdir. Ölkəmizdə vahid konstitusiya, vahid qanunverici və icraedici hakimiyyət mövcuddur. Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya, yüksək dövlət hakimiyyət orqanlarının vahid sistemi və ölkənin bütün ərazisinə şamil edilən yurisdiksiyası və vahid hüquqi sistem mövcuddur”. 

Politoloq bildirdi ki, Dağlıq Qarabağın istənilən xüsusi statusu Konstitusion əsaslarda müəyyənləşə biləcək bir qərardır, buna ancaq konstitusion əsaslar və referendum yolu ilə nail olmaq mümkündür.

Əvvəlki şərtlərdə belə idi ki, bunun üçün  Dağlıq Qarabağın bütün əhalisi yurdlarına köçməli, infrastruktur bərpa olunmalı, 1988-ci ilə qədər olan əhalinin siyahisı rəhbər tutulmaqla bütün Azərbaycan vətəndaşlarının iştirak etdiyi bir referendum keçirilməli idi. 

Çünki 1988-ci ildən sonra Ermənistan süni şəkildə Dağlıq Qarabağdakı ermənilərin sayını artırıb ki, onlar lazım olan anda söz sahibinə çevrilə bilsin.

“Bir daha təkrar edim ki, bu şərtlərlə referendumun keçirilməsi müharibə etmədən mümkün ola bilərdi. Ermənistan ikinci variantı seçdi”,- deyə Yeganə Hacıyeva fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin