Qərb Cənubi Qafqazdan nə istəyir? – Fərhad Məmmədovun şərhi

Hazırda oxunan: Qərb Cənubi Qafqazdan nə istəyir? – Fərhad Məmmədovun şərhi

84559

Son günlər Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əldə olunan razılaşmalar, o cümlədən Qərbin yüksək vəzifəli şəxslərinin regiona ardıcıl səfərləri Cənubi Qafqazın qlobal rəqabətin əsas fazalarından birinə çevrildiyini göstərir. Bu rəqabətdə Azərbaycanın yeri və Qərbin Azərbaycandan istəkləri xüsusi əhəmiyyət kəsb edir. 

Siyasi təhlilçi Fərhad Məmmədov Qərbin Azərbaycanla münasibətlərini inkişaf etdirməsində əsas iki amilin, logistik və geosiyasi amillərin aparıcı rol oynadığını qeyd edir.

Onun sözlərinə görə qlobal geosiyasi vəziyyət hər gün daha da mürəkkəbləşir və belə təhlükəli şəraitdə Cənubi Qafqazın geosiyasi çəkisi əhəmiyyətli dərəcədə artır.

ABŞ və Avropa İttifaqı (Aİ) üçün regionun geoiqtisadi əhəmiyyəti enerji və nəqliyyat kimi iki vacib istiqaməti əhatə edir. 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na toxunan ekspert, bu yeni sənədin tərəflər arasında əməkdaşlığı yeni səviyyəyə qaldırdığını bildirir. 

Regionun logistika imkanlarının Qərb tərəfindən yüksək qiymətləndirildiyini bildirən siyasi şərhçi, Asiyanı Avropa ilə bağlayan əsas quru ticarət və tranzit yollarının Rusiya, Azərbaycan və İrandan keçdiyini qeyd edir. Qərbin Moskva ilə ziddiyyətli münasibətləri Rusiyanı şərq-qərb marşrutu üzrə etibarlı tərəfdaş statusundan məhrum edir. İranla münasibətlərini isə, hələ ki, proqnozlaşdırmaq çətindir. 

Fərhad Məmmədov bu şərtlər daxilində Şərq-Qərb arasında yeganə marşrutun Cənubi Qafqazdan (Azərbaycan+Gürcüstan) keçdiyini bildirir.

Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi, Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları və (Ermənistan xaric) qonşularla əlaqəli dəmir yolları Qərb üçün Azərbaycanın əhəmiyyətini dəfələrlə artırmış olur. Eyni zamanda regionun logistik əhəmiyyəti ABŞ prezidenti C. Bayden Azərbaycan Prezidentinə 1 iyun tarixli məktubunda, xanım Fon der Lyayen isə dünənki çıxışında xüsusi vurğulanıb.

Qərbin regiondakı geosiyasi gözləntisinə də toxunan Fərhad Məmmədov, qeyd edilən lahiyələrin təhlükəsiz şəraitdə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın regiona təsirinin hissolunan dərəcədə azalmalı olduğunu bildirib. Bunun üçün Azərbaycan-Ermənistan münasibətləri normallaşmalı və bunun nəticəsi olaraq Rusiyanın 2025-ci ildə Qarabağda hərbi mövcudluğuna son qoyulmalıdır. Regionda Rusiyadan ən çox asılı vəziyyətdə olan Ermənistan isə Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Rusiyadan iqtisadi və təhlükəsizlik asılılığını azalda bilər.

Ekspert Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlar Qərb üçün çox vacib olduğunu düşünür.

ABŞ-ın dövlət katibi E. Blinken xarici işlər nazirləri arasında baş tutan son birbaşa dialoqu “Azərbaycan-Ermənistan fikir ayrılıqlarını həll etməyin ən düzgün yolu” adlandırdı. Öz növbəsində ABŞ prezidenti 20 mart və 20 may tarixli məktublarında Ermənistanla diplomatik təmasların intensivləşdirilməsinə kömək edəcəyini və regional barışın təşviq edilməsi üçün Azərbaycanla birgə işləyəcəyini ölkəmizin başçısına bildirdi. Öz növbəsində Ursula Fon der Lyayen də “Aİ-nin Cənubi Qafqazın təhlükəsizlik, sabit və firavan olmasına sadiq olduğunu” çıxışı zamanı bildirib.

Lakin ekspertin fikrincə, Qərbin sərgilədiyi bu yanaşmanın bir sıra zəif tərəfləri də mövcuddur. Belə ki, istər ABŞ-ın, istərsə də Aİ-ın münasibətlərin normallaşdırılması prosesində sərgilədiyi mövqe proaktiv deyil. Ənənəvi “balanslı yanaşma” davam etdirilir. Bəzi Qərb rəsmilərinin “status” və “Minsk qrupu” ilə bağlı fikirlər səsləndirməsi nəticə etibarı ilə Qərbin yanaşmasını natamam edir. 

Qərbin region ilə bağlı hədəfləri bəllidir, amma bu hədəflərə çatma vasitələri üzrə qeyri-müəyyənlik mövcuddur.

Belə şəraitdə Qərb bütün məsuliyyəti Azərbaycan və Ermənistan rəhbərliyinin üstünə atır. Lakin, belə yarımçıq yanaşma praktikada müsbət nəticə vermir. Ermənistan Qərb rəsmiləri tərəfindən vaxtaşırı səsləndirilən fikirlərə arxalanıb “status" məsələsini ortaya atır. Bu da sözsüz ki, Azərbaycan tərəfindən qəbul olunmur və buna görə tərəflər arasında normallaşma prosesi lazımı səviyyədə gedə bilmir. 
 

“Görünən odur ki, Qərb üçün əsas geosiyasi və geoiqtisadi məqsədlər Azərbaycan və Gürcüstanla bağlıdır. Rusiyanın regiona təsir gücünün zəifləməsi isə Ermənistanın mövqeyindən asılıdır.


Belə olan halda ABŞ siyasi, Aİ isə iqtisadi vasitələrlə Ermənistanı daha konstruktiv siyasət sərgiləməyə sövq etməlidir. Bu məqsədlərin reallaşması üçün isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və bununla da təhlükəsiz şəraitin formalaşması başlıca şərtdir”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin