Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə görüş keçirib.
Geniştərkibli müzakirələrdən sonra mətbutata açıqlamalar verən İlham Əliyev qeyd edib ki, "Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik".
Bəs, bu saziş Azərbaycana nə qazandıracaq?
MÖVZU İLƏ BAĞLI:
Yanacaq qiymətləri BU HALDA ucuzlaşacaq – İlham Şabandan PROQNOZ
Əvvəla onu qeyd edək ki, Avropa İttifaqı ilə genişspektrli sazişin imzalanması üçün işlərə 2019-cu ildən start verilib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert İlham Şabanın sözlərinə görə, bu saziş Azərbaycana ilk növbədə 2 milyard avroluq investisiyanın qoyulmasına yol açacaq:
“Bununla bağlı həm Avropa İttifaqı anons verib, həm də Azərbaycan tərəfi bu həcmdə investisiyaya ümid etdiyini açıqlayıb. İkinci bir tərəfdən əgər dünən imzalanan memorandum qaz sahəsində əməkdaşlığı nəzərdə tuturdusa, sözügedən saziş daha geniş spektrdə əməkdaşlığı özündə ehtiva edir. Nəqliyyat-logistikadan tutmuş iqtisadiyyatın bir çox sahələri üzrə əməkdaşlıq, o cümlədən kiçik və orta sahibkarlığa dəstək də bu kateqoriyaya daxildir.”.
Ekspert qeyd edib ki, ittifaqla saziş ölkə iqtisadiyyatında yeni texnologiyalardan istifadəyə yol aça bilər:
“Bu indiyə qədər iqtisadiyyatın Azərbaycan üçün adət etmədiyimiz yönlərinin də inkişafına gətirib çıxara bilər. O cümlədən də mütəxəssislərin hazırlanması, onların Azərbaycandan kənarda çalışması üçün şərait yarada bilər”.
İlham Şaban onu da əlavə edib ki, sazişin imzalanması üçün tərəflər, xüsusilə, nəqliyyat-logistika və gömrük məsələlərində bir sıra qarşılıqlı şərtlərə əməl etməlidirlər.
Əksər ekspertlərin fikrincə qazla bağlı anlaşma Aİ-ilə geniş müqavilənin də önünü açıb. Bundan əlavə yeni sazişin imzalanması Avrozonaya vizasız gediş-gəliş imkanını da yarada bilər.
Murad Əhmədov, Bizim.Media