Təmsil etdiyi partiyadan ayrılıb yenisini yaradan SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

Hazırda oxunan: Təmsil etdiyi partiyadan ayrılıb yenisini yaradan SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

83678

Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən bir müddət sonra, 1992-ci ilin iyununda “Siyasi partiyalar haqqında” qanun qoyuldu və ilk siyasi partiyalar yaranmağa başladı. Bu 71 il davam edən təkpartiyalı sistemin faktiki süqutu idi. 

Lakin uzun illər davam edən siyasi proseslər, konlfiktlər bir sıra tanınmış siyasətçilərin digər partiyalara keçməsi, partiyaların parçalanması və ya yeni partiyanın politika meydanına daxil olması ilə nəticələnib.

Bizim.Media təmsil olunduğu siyasi partiyadan ayrılıb, öz partiyalarını quran siyasətçiləri araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalardan Böyük Qayıdış planları ilə bağlı AÇIQLAMA 


1. Mirmahmud Mirəlioğlu

2000-ci ildə Əbülfəz Elçibəyin vəfatından sonra AXCP daxilindəki “klassiklər” və “islahatçılar” arasındakı mübarizədə klassik qanadın əsas siması olan Mirmahmud Mirəlioğlu uzun müddət AXCP-yə sədrlik uğrunda mübarizə aparsa da, sonradan Klassik Xalq Cəbhəsi Partiyası adlı siyasi təsisatı yaradıb. Partiya 2007-ci ildə dövlət qeydiyyatına alınıb. 

2. Qüdrət Həsənquliyev

AXCP daxilindəki mübarizədə aktiv iştirak edən deputat Qüdrət Həsənquliyev partiyanın parçalanmaması üçün mübarizə aparsa da, buna müvəffəq ola bilməyib. Daha sonra Qüdrət Həsənquliyevin sədrliyi ilə AXCP rəsmi dövlət qeydiyyatına alınsa da, vəziyyət sonradan dəyişib və o, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını yaradıb. BAXCP 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

3. Fazil Mustafa

Uzun müddət AXCP-də təmsil olunan bir digər millət vəkili Fazil Mustafa da partiyadaxili çəkişmələrdə “klassiklər”in yanında yer alıb. Lakin o, 2003-cü ildə təmsil olunduğu siyasi təşkilatdan ayrılaraq Böyük Quruluş Partiyasını yaradıb. BQP 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

4. Asim Mollazadə

2005-ci ildə Müsavat başqanı İsa Qəmbərlə yaşadığı konfliktlərdən sonra Asim Mollazadə AXCP sıralarından istifa verib. Deputat Demokratik İslahatalar Partiyasını yaradıb. DİP 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

5. Fərəc Quliyev

2000-ci ildə AXCP-də yaşanan proseslər zamanı partiyanın parçalanmaması üçün mübarizə aparsa da, sabiq deputatın bu istəyi yerinə yetmir. Nəticədə bir müddət siyasi proseslərdən uzaqlaşan Fərəc Quliyev 2003-cü ildə Milli Dirçəliş Hərəkatı Partiyasını yaradır. MDHP 2011-ci ildə dövlət qeydiyyatına alınır.

6. Əhməd Oruc

1994-cü ildə AXCP-dən ayrılan Əhməd Oruc isə 1995-ci ildə Azadlıq Partiyasını yaradıb. Partiya 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

7. Qulamhüseyn Əlibəyli

Bir digər sabiq deputat Qulamhüseyn Əlibəyli isə 2008-ci ildə AXCP sıralarını tərk edib. Elə həmin il Aydınlar Partiyasını yaradıldığını elan edib. AP 2009-cu ildə dövlət qeydiyyatına alınıb.

8. Razi Nurullayev

AXCP-dəki növbəti parçalanma isə 2015-ci ildə yaşanıb. Razi Nurullayevin rəhbərliyi ilə bir qrup partiya funksioneri qurultay keçirərək özlərini AXCP elan edib. Lakin Razi Nurullayev sonradan bu addan imtina edib və Milli Cəbhə Partiyasını yaradıb. MCP 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

9. Qabil Hüseynli

Azərbaycan Milli İstiqlal Partiyasında 1993-cü ildə parçalanma yaşanıb. Belə ki, bir qrup partiya funksioneri AMİP-dən ayrılaraq Azərbaycan Demokratik İstiqlal Partiyasını yaradıblar. ADİP-in sədri isə Qabil Hüseynli seçilib. Ondan əlavə, Mübariz Qurbanlı, Vilayət Quliyev, Vaqif Kərimov və Gündüz Cəlilov da yeni partiyanın yaradıcılarından olublar.

10. Abutalıb Səmədov

1993-cü ilin payızında AMİP-dən ayrılan Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasını yaradıb. ANAP 1995-ci ildə dövlət qeydiyyatına alınıb.

11. Əli Əliyev

2005-ci ildə AMİP daxilində yaşanan qalmaqal partiyanı iki hissəyə bölüb. Nəticədə Əli Əliyevin rəhbərlik etdiyi qrup Vətəndaş və İnkişaf Partiyasını yaradıb. VİP 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

12. Elşad Musayev

2003-cü ilə qədər AMİP-də təmsil olunan Elşad Musayev həmin il partiya sıralarından ayırılıb və Böyük Azərbaycan Partiyasını yaradıb. Partiya 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

13. İlqar Məmmədov

1998-2003-cü illərdə AMİP sədrinin müavini kimi fəaliyyət göstərib. Daha sonra AMİP-dən ayrılan İlqar Məmmədov 2009-cu ildə Respublikaçı Alternativ Hərəkatını təsis edib.Sonradan partiyay çevrilən təsisat 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

14. İxtiyar Şirin

Müsavat partiyasının üzvü olan İxtiyar Şirin 1993-cü ildə iyun hadisələrindən sonra partiya sıralarını tərk edib və sonradan Milli Konqres Partiyasını yaradıb. MKP 1998-ci ildə dövlət qeydiyyatına alınıb.

15. Hafiz Hacıyev

Uzun illər Müsavatda təmsil olunan Hafiz Hacıyev partiyadan qovulub və 2001-ci ildə Müasir Müsavat Partiyasını təsis edib. Partiya 2002-ci ildə dövlət qeydiyyatına alınıb.

16. Tural Abbaslı

2000-2016-cı illərdə Müsavat Partiyasında təmsil olunub. Partiya sıralarını tərk etdikdən sonra Ağ Partiyanı yaradıb. 2020-ci ildə partiya dövlət qeydiyyatına alınıb.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin