Ağqoyunlu ilə Qaraqoyunlunun fərqi nədir? – Dövlətçiliyimiz haqqında BİLMƏDİKLƏRİMİZ

Hazırda oxunan: Ağqoyunlu ilə Qaraqoyunlunun fərqi nədir? – Dövlətçiliyimiz haqqında BİLMƏDİKLƏRİMİZ

83357

Son illərdə belə bir iddia irəli sürülür ki, Qaraqoyunlu və Ağqoyunlu adlarının tarixi kökləri yoxdur. Guya onlar hansısa təhrifin, yaxud anlaşılmazlığın nəticəsi kimi son yüz illikdə ortaya çıxarılıb. 

Amma məsələ burasındadır ki, Qaraqoyunlu və Ağqoyunlu adları Azərbaycanın, eləcə də Türkiyənin toponomiyasında dərin kökləri var.

Məsələn, Ağsu, Bərdə, Qubadlı, Tərtər, Goranboy rayonlarında Qaraqoyunlu adlı altı kənd var. Qərbi Azərbaycanda vaxtilə Qaraqoyunlu mahalı, Qaraqoyunlu adlı kəndlər mövcud idi.

Türkiyə Cümhuriyyətinin Afyonkarahisar bölgəsinin Başmakçı və Çobanlar ilçələrində, Ankara bölgəsinin Bala ilçəsində, Diyarbakır bölgəsinin Çermik ilçəsində dörd kəndin adı Akkoyunludur. Türkiyənin İğdır bölgəsində isə bir ilçənin (rayonun) adı Karakoyunludur. Bu mahalda Qaraqoyunlu dövründən qalma qoçbaşlı abidələrə də rast gəlinir. Onu da vurğulayaq ki, İğdır camaatı burada yaşayanları qaraqoyunluları kolonu hesab edir.
 

MÖVZU İLƏ BAĞLI:

Dünya tarixində baş vermiş ən dəhşətli müharibələr – SİYAHI


Ağqoyunlu və Qaraqoyunlu türklərin ortaq dəyərləridir

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili bizimlə söhbətində  məsələ ilə bağlı bir neçə maraqlı fakta diqqətə çatdırdı: 

- Özbəkistanın Daşkənd vilayətində Karakoyli adlı kənd var. 

- Tacikistanın Babataq dağlarında yaşayan durmen adlı özbək tayfasının nəsillərindən birinin adı akkoylı olub.

- Qazaxıstanın Türküstan vilayətinin Ordabas rayonunda Akkoylı kəndi mövcuddur.

- Qazaxıstanın Ordabas rayonunda iki təpənin adı Akkoylıdır. 

- Qazaxıstan ərazisindən axan Arıs çayının vadisində yerləşən qədim məscid-mədrəsənin də adı Akkoylıdır. Yeri gəlmişkən, Arıs çayının bir qolu Aksu (Ağsu) adlanır. 

X əsrdə ruslara qarşı vuruşanlar kimlər olub?

Yeri gəlmişkən bəzi araşdırıcılar Arıs çayının adını qədim alan-albanların Orta Asiyada yaşamış (e.ə. I əsr – eramızın III əsri) aorsi tayfasının adı ilə əlaqələndirirlər. Maraqlıdır ki, IX–X əsrlərdə Xəzər xaqanlığının qvardiyası arsiya adlı Orta Asiya tayfasının döyüşçülərindən təşkil olunmuşdu. 

Hesab edilir ki, aorsi və arsiya, əslində, eyni tayfa adının fonetik variantlarıdır. 913–914-cü illərdə Azərbaycan üzərinə uğursuz yürüşdən qayıdan rusları (əslində, vikinqləri) məhz arsiya döyüşçüləri qılıncdan keçirmişdilər. 

Savaşdan əvvəl arsiyalılar Xəzər xaqanına demişdilər: “Bizə imkan ver, bu xalqla haqq-hesabı çürüdək. (Ruslar) müsəlman qardaşlarımızın yurdlarını qarət ediblər, onların qanını axıdıblar, arvad-uşaqlarını əsir götürüblər”. 

İtil (indiki Volqa) çayının sahilində baş vermiş döyüşdə 35.000-dən çox rusun qarşısına 15.000-dən az müsəlman arsiyalı və xristian türk çıxmışdı. Türklərin sayı düşmənin sayından iki dəfə az olsa da, onlar rus ordusunu darmadağın etmişdilər. 

Qaraqoyunlu və Ağqoyunlu dövrləri Azərbaycan tarixinin şanlı səhifəsidir

Türkmənistanın Çarcou vilayətinin Çoxpete kəndində yaşamış qaraqoyunlu türkmənləri arasında belə bir rəvayət var ki, “Bir kişinin iki oğlu olur. O, oğlanlarından birinə ağ qoç, digərinə isə qara qoç verir. Qaraqoyunlular həmin qara qoçun sahibinin törəmələridir”.

Qaraqoyunlu (1375–1468) və Ağqoyunlu (1378–1501) dövrləri Azərbaycan tarixinin şanlı səhifələridir. Qaraqoyunlu dövlətinin hakim sülaləsi baranlı tayfasından, Ağqoyunlu dövlətinin hakim sülaləsi isə bayandurlu tayfasından olmuşdur.


Bəzən bu dövlətləri Baranlı və Bayandurlu da adlandırırlar. Baranlı tayfası Oğuz elinin yıva boyunun bir qolu olduğu üçün Qaraqoyunlu dövlətinə Yıva dövləti də deyirlər. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin