Azərbaycanlılar Rusiyadan çıxarıla bilərmi? – Moskva miqrantlarla bağlı SƏRT QANUN tətbiqinə başladı

Hazırda oxunan: Azərbaycanlılar Rusiyadan çıxarıla bilərmi? – Moskva miqrantlarla bağlı SƏRT QANUN tətbiqinə başladı

82600

“Rusiyada miqrantlara qarşı qanunlar sərtləşsə də, bunun azərbaycanlı miqrantlara heç bir ciddi təhdidi olmayacaq. Belə bir qanun ilk növbədə Rusiyanın özü üçün ciddi problemlər yaradacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Rusiyanın miqrantlarla bağlı qanunvericiliyə sərt məhdudiyyətlər nəzərdə tutan müddəaları əlavə etməyə hazırlaşdığı barədə məlumatlar fonunda azərbaycanlı miqrantları gözləyən aqibət məsələsinə toxunarkən deyib:

“Azərbaycanlı miqrantların əksəriyyəti Rusiyada artıq vətəndaşlıq alıb. Digər tərəfdən, Azərbaycan inkişaf edən ölkələrdəndir. Yetərli qədər soydaşımızı qəbul etmək gücündəyik. Ümumiyyətlə, müharibədən sonra 100 minlərlə soydaşımız Vətənə qayıdıb. Ona görə də atılması gözlənilən bu addımın Azərbaycana hər hansı bir təhdid yaradacağını düşünmürəm”. 

Həmsöhbətimiz düşünür ki, sözügedən istiqamətdə qanunun sərtləşdirilməsi əslində Rusiyanın özünə problem yaradacaq: 

“Miqrantlara qarşı sərt qanunların qəbulu ilk növbədə Rusiyanın özü üçün ciddi problemlər yaradacaq. Çünki Rusiyada bir çox peşələr var ki, orada bu ölkənin vətəndaşları işləmək istəmir. Miqrantlar Rusiyanın bir çox ehtiyaclarını ödəyir. Bu mənada hazırda Rusiyanın miqrantlara daha çox ehtiyacı var, nəinki ikincilərin bu ölkəyə. Rusiya digər tərəfdən, hazırda müharibə aparır. Miqrantlar Rusiyanın iqtisadi inkişafına külli miqdarda töhfələr verir. Rusiya bazarlarının ərzaq məhsulları ilə təmin edilməsi də ətraf ölkələrin hesabına baş verir. Belədə görünən mənzərə ondan ibarətdir ki, Rusiyada miqrantlara böyük ehtiyac var”. 

Həmsöhbətimiz qeyd edir ki, miqrantlara qarşı qanunvericiliyin sərtləşdirilməsi Rusiyanın düşdüyü iqtisadi problemləri daha da dərinləşdirəcək: 

“Belə vəziyyət həmçinin Rusiyanın yaxın qonşuları ilə münasibətlərinin pisləşməsinə rəvac verə bilər. Kremlin atmaq istədiyi bu addım Rusiyada demoqrafik vəziyyətin pisləşməsilə nəticələnəcək. Onsuz da Rusiya müharibədə çoxsaylı itkilər verir. Belə vəziyyətdə miqrantlar əslində mexaniki olaraq Rusiya əhalisinin artmasına kömək edir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin